AZ

Qurana hörmətsizlik: İslam hüququnda cəza varmı?

Bəzi ölkələrdə Quran dövlət tərəfindən mühafizə olunmur. Çünki din, dövlətdən ayrıdır: Bu səbəbdən Quranın, dinin təhqir olunması cinayət məcəlləsinin maddələrinə salınmayıb. Çünki düşünürlər ki, Quranın təhqir olunması, yandırılması kimi hadisələr baş verə bilməz. Bəs İslamda Quranın təhqir olunması haqda hansı cəza nəzərdə tutulur?

Məsələ ilə bağlı NOCOMMENT.az-a fikir bildirən ilahiyyatçı Fazil Əhməd deyib ki, İslam hüququnda Qurani-Kərimi yandırmaq və ya ona qarşı hörmətsizlik etmək məsələsi ilə bağlı hökmlər və cəza mexanizmləri mövcuddur. Lakin bu hökmlərin tətbiqi ölkədən ölkəyə fərqlənir:

“Ümumilikdə desək, bu sahədə iki əsas yanaşma var.

İslam qanunları ilə idarə olunan ölkələrdə hüquqi sistem İslam hüququna əsaslanır və bu qanunlara ciddi şəkildə riayət edilir. Dünyəvi, demokratik və ya digər sosial qanunlarla idarə olunan ölkələrdə isə bu cür dini hökmlərin əksəriyyəti tətbiq olunmur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, İslam qanunları ilə idarə olunan bəzi ölkələrdə də müəyyən dini hökmlərdən sui-istifadə halları müşahidə olunur. Məsələn, qadının daşqalaq edilməsi İslamda artıq ləğv olunmuş və aradan qaldırılmış bir cəzadır. İslam bu cür cəzanı qadına qarşı təhqir və zülm hesab edərək onu ləğv etmişdir. Lakin bu gün bəzi ölkələrdə, məsələn, Əfqanıstanda bu kimi hallara rast gəlinir. Bu isə əsl İslam hüququndan deyil, yanlış tətbiqlərdən və qanunsuz yanaşmalardan irəli gəlir. Bəzi hökmlər var ki, onlar İslamın əsas qayda və prinsiplərində mövcud deyil. Ancaq müəyyən təbliğatların və yanlış dini yozumların nəticəsində özlərini İslam cəmiyyəti adlandıran bəzi qruplar bu qaydaları “İslam qanunu” kimi təqdim edirlər. Bu isə çox vaxt faciəvi nəticələrə gətirib çıxarır və həmin görüntüləri izləyən insanların İslama qarşı nifrət hissi formalaşdırmasına səbəb olur. Əsas vurğulamaq istədiyimiz məqam budur ki, İslam qanunları ilə idarə olunan ölkələrdə dünyəvi qanunlarla idarə olunan ölkələrdən fərqli hüquqi yanaşmalar mövcuddur. Qurani-Kərimi təhqir etmək, Allaha və müqəddəslərə hörmətsizlik etmək İslam hüququnda cinayət hesab olunur və bununla bağlı cəzalar nəzərdə tutulur. Lakin bu o demək deyil ki, belə bir əməli törədən şəxs məhkəməsiz cəzalandırıla bilər. İslam hüququna görə, heç kim araşdırma aparılmadan və məhkəmə qərarı olmadan cəzalandırıla bilməz. Mütləq şəkildə araşdırılmalıdır ki, həmin şəxs bu əməli hansı səbəbdən törədib: psixoloji problemi varmı, psixotrop maddələrin təsiri altındadırmı, ona təzyiq göstərilibmi, yoxsa həyatında baş vermiş hansısa hadisə onu bu addımı atmağa sövq edib”.

İlahiyyatçı əlavə edib ki, bütün bu hallar məhkəmə qaydasında araşdırılmalı və səbəblər müəyyənləşdirilməlidir:

“Əgər məlum olsa ki, şəxs psixotrop maddələrin təsiri altında olub, o zaman cəza yüngülləşdirilə və ya tətbiq olunmaya bilər. Əgər bu əməl şüurlu şəkildə törədilibsə, lakin şəxs səmimi şəkildə peşman olub tövbə edərsə, bu da nəzərə alınır. İslam hüquq sistemində cəzalar mərhələli və dərəcəlidir. Ancaq əgər araşdırma nəticəsində məlum olsa ki, həmin şəxs nə psixoloji təsir altındadır, nə də hər hansı təzyiqə məruz qalıb, üstəlik etdiyindən peşman deyil və bunu davam etdirəcəyini açıq şəkildə bəyan edirsə, bu halda İslam hüququnda onun barəsində ən ağır cəza, ölüm hökmü də nəzərdə tutula bilər.

Burada çox vacib bir məqam var: bu cəzanı yalnız məhkəmə orqanı çıxara bilər. Fərdi şəxslərin, dini təəssübkeşlik adı altında kimisə cəzalandırması İslam tərəfindən qətiyyən qəbul edilmir. İslam istəyir ki, bütün məsələlər məhkəmə yolu ilə, hüquqi və sivil qaydada həll olunsun. Bəzən olur ki, məhkəmə qərarını gözləmədən fərdi şəxslər bu cür insanlara qarşı zorakılıq edirlər. Bu hallar İslamın prinsiplərinə ziddir. Hər nə qədər bəzi insanlara bu cür “qisas” halları xoş gəlsə də, İslam hüququnda üstün mövqe məhkəməyə məxsusdur. Eyni zamanda, dünyəvi qanunlarda olduğu kimi, İslam hüququnda da insanın sonradan peşman olması, davranışı, niyyəti və əmələ gəlmə səbəbləri cəzanın dərəcəsinə təsir edir. Ona görə də “İslamda bu cür insanları yalnız ölüm gözləyir” demək doğru deyil. Bu məsələlər mərhələli şəkildə araşdırılır və qərar verilir”.

Fazil Əhməd bildirib ki, əgər sonda şəxs açıq şəkildə bildirirsə ki, əməlindən peşman deyil və bu davranışı davam etdirəcək, o zaman ən ağır cəza gündəmə gələ bilər:

Bir məqamı da qeyd etmək istəyirəm: mən bir debatda bildirmişdim ki, ateistlər dini müqəddəsləri təhqir etməməlidirlər. Çünki insanlar dini müqəddəsləri bəzən valideynlərindən də artıq sevirlər. Qarşı tərəf buna etiraz etdi və soruşdu ki, insan necə valideynlərindən çox peyğəmbəri sevə bilər? Mən cavab verdim ki, bu təkcə dini məsələ deyil. Dünyəvi həyatda da buna oxşar nümunələr var. Məsələn, valideynlər tək övladlarına yalvarır ki, müharibəyə getmə, amma o, vətən, torpaq və xalq naminə döyüşə gedir, hətta şəhid olur. Deməli, elə dəyərlər var ki, insan üçün valideyndən də üstün ola bilir. Bu, yalnız dinlə bağlı deyil, ümumbəşəri bir anlayışdır”.

Seçilən
49
nocomment.az

1Mənbələr