AZ

Yücel Karauz: Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsini simvolizə edir

Bakı,24 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Prezident İlham Əliyevin doğum gününü işğaldan azad edilmiş ərazilərdə – Xankəndi və Ağdamda qeyd etməsi təkcə şəxsi tarixlə bağlı jest deyil, eyni zamanda dövlətçilik, tarixi ədalətin bərpası və gələcəyə yönəlik strateji baxış baxımından dərin rəmzi məna daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, bu səfər azad edilmiş ərazilərin artıq keçmişin ağrılı xatirəsi deyil, bugünün və gələcəyin canlı reallığı olduğunu aydın şəkildə nümayiş etdirir. “Dövlət başçısının öz doğum gününü bu torpaqlara qayıdan sakinlərlə birgə keçirməsi, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakı qələbədən sonra quruculuq mərhələsinin əsas fəlsəfəsini açıq şəkildə ortaya qoyur”, – deyə Yücel Karauz vurğulayıb.

Hərbi ekspert qeyd edib ki, bu yanaşma bir tərəfdən xalq–lider birliyinin gücünü nümayiş etdirir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətə açıq və aydın mesajdır: Azərbaycan azad etdiyi torpaqlarda sülh, inkişaf və dayanıqlı həyat qurur.

“Xankəndi və Ağdamda atılan hər bir addım, keçirilən hər bir mərasim bu ərazilərin Azərbaycanın sosial-iqtisadi və mədəni məkanına tam və dönməz inteqrasiyasının göstəricisidir”, – deyə o əlavə edib.

Yücel Karauzun fikrincə, Prezident İlham Əliyevin bu səfəri və doğum gününü məhz bu şəkildə qeyd etməsi şəxsi tarixlə milli talenin üst-üstə düşdüyü, müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsini simvolizə edən mühüm siyasi və mənəvi hadisə kimi dəyərləndirilməlidir.

Seçilən
47
1
azertag.az

2Mənbələr