AZ

Rusiya 20 bəndlik planla razılaşmayacaq Deputat

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Ukrayna ABŞ ilə birgə hazırladığı müharibənin başa çatdırılmasına dair 20 bəndlik sülh planını açıqlayıb. Prezident Volodimir Zelenskinin sözlərinə görə, bu sənəd müharibənin bitməsi üçün baza rolunu oynayır və Rusiya plana münasibətini 24 dekabrda ABŞ ilə keçiriləcək görüşdə bildirməlidir. Zelenski xüsusilə ərazilər məsələsi üzrə ABŞ Prezidenti ilə liderlər səviyyəsində müzakirələrə hazır olduqlarını vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd etdi ki, 25 dekabr ABŞ-də Milad bayramı keçirilir və Donald Tramp bu tarixədək, yəni bayram günü Rusiya ilə Ukrayna arasında hər hansı formada atəşkəsin imzalanması və müvəqqəti sülhün əldə olunması ilə bağlı bir bəyanat vermək niyyətində idi.

"Lakin 20 bəndlik sülh planına nəzər saldıqda görürük ki, əvvəlcə Rusiya və ABŞ arasında müzakirə edilən 29 bəndlik ilkin plan sonradan dəyişdirilərək 20 bəndə endirilib. Hesab edirəm ki, Rusiya bu 20 bəndlik planla razılaşmayacaq. Çünki planın birinci bəndində Ukraynanın suverenliyinin təsdiqlənməsi açıq şəkildə göstərilir ki, bu da Rusiyanın işğal etdiyi əraziləri de-yure olaraq heç vaxt öz ərazisi kimi hüquqi cəhətdən möhkəmləndirə bilməməsi deməkdir. Bundan əlavə, Rusiya-Ukrayna arasında hücum etməmək haqqında müqavilə və təmas xəttində monitorinqin aparılması məsələləri də hazırkı mərhələdə Rusiya üçün aktual deyil. Xüsusilə nəzərə alsaq ki, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər olaraq müəyyənləşdirilməsi Rusiya üçün tamamilə qəbuledilməzdir. Çünki müharibənin başlanmasında Rusiyanın əsas məqsədlərindən biri Ukraynanın demilitarizasiya edilməsi idi. 800 min nəfərlik ordu sülh şəraitində çox güclü bir hərbi potensial deməkdir və Ukraynanı Avropanın bəlkə də ən böyük ordusuna malik ölkələrdən birinə çevirir".

Millət vəkili Rusiya üçün qəbuledilməz olan digər mühüm bəndin isə 5-ci bənd olduğunu qeyd etdi.

"Bu bənd ABŞ, NATO və Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti verməsini nəzərdə tutur. NATO-nun bu prosesdə zəmanətçi qismində çıxış etməsi Rusiyanı ən çox qıcıqlandıran məqamlardan biridir. Sülh planının digər bəndlərinə baxdıqda da ciddi fikir ayrılıqlarının yaranacağı indidən aydın görünür. Mən ilk gündən bu sülh danışıqlarına skeptik yanaşmışam. Əgər əvvəl Avropa İttifaqı prosesdən kənarda qalırdısa, indi təqdim olunan 20 bəndlik plan da Rusiya üçün eyni vəziyyəti yaradır. Qısa və konkret desək, ən əsas problem ərazilər məsələsidir. Rusiya Krımdan əlavə işğal etdiyi digər ərazilərdən çıxmaq niyyətində deyil və əksinə, Luqansk və Donetsk vilayətlərinin tam şəkildə onun nəzarəti altına keçməsini tələb edir. Əgər Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən geri çəkilərsə, lakin Zaporojye və Xerson kimi digər işğal etdiyi ərazilərdə qalarsa, bu vəziyyət (14-cü bənd çərçivəsində) çox ciddi antaqonizm yaradacaq. İki əsas məsələ - ərazi məsələsi və Ukrayna ordusunun sayı ilə bağlı hələ də heç bir razılaşma yoxdur", - deyən müsahibimizin fikrincə, 20 bəndlik sülh planının uğurlu olması real görünmür.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
redaktor.az

2Mənbələr