Türkiyənin "Hareket Project Transportation" (HPT) şirkəti "Şahdəniz" Kompressiya (ŞDK) platformasının tikintisi üçün mühəndis-texniki, nəqliyyat və kran xidmətləri üzrə 11 milyon ABŞ dolları dəyərində olan müqavilə imzalayıb.
Aznews.az xəbər verir ki, bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.
"Dekabrın 4-də xüsusi bildirişimizə uyğun olaraq, şirkət, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP-nin təbii qaz hasilatının artırılması üzrə birgə layihəsi çərçivəsində Bakıda dəniz kompressiya qurğusunun tikintisi üçün mühəndislik, nəqliyyat və kran xidmətlərinin göstərilməsi üzrə ikiillik müqavilə imzalayıb", - məlumatda qeyd olunub.
Qeyd edək ki, nəhəng "Şahdəniz" qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin "Şahdəniz" yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.