AZ

Qışda əsgər getməyin hansı çətinlikləri var? – Ekspert açıqladı

Qış mövsümündə hərbi xidmətə yollanmaq gənclər üçün təkcə fiziki deyil, həm də psixoloji baxımdan ciddi sınaq sayılır. Soyuq hava şəraiti, sərt iqlim şərtləri, qısa günlər və uzun gecələr əsgərlərin gündəlik xidmət rejiminə birbaşa təsir göstərir. Xüsusilə ilk günlərdə mülki həyatdan hərbi nizam-intizama keçid, ailədən uzaq qalmaq və sərt qaydalara uyğunlaşmaq qış aylarında daha çətin hiss olunur. Qar, şaxta və mənfi temperatur şəraitində xidmət aparmaq əsgərlərdən əlavə dözüm, səbir və intizam tələb edir. Məhz bu baxımdan qışda əsgər getməyin yaratdığı çətinliklər və bu dövrün özünəməxsus xüsusiyyətləri cəmiyyət üçün həmişə maraq doğuran mövzulardan biri olub.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda ildə dörd dəfə çağırış həyata keçirilir:

Üzeyir

“Buna görə də ali təhsilli gənclər bir il, orta təhsilli gənclər isə bir il yarım müddətində hərbi xidmətin çətinliklərini yaşayırlar. Kimisi yayda, kimisi payızda, kimisi də qışda hərbi xidmətə yollanır.

Qış fəslinin öz incəlikləri və spesifik məqamları var. Əlbəttə, qışda əsgər getməyin özünəməxsus çətinlikləri olur. Məsələn, dağ rayonlarında böyümüş gənclər var ki, onlar qış aylarında hərbi xidmətə daha asan uyğunlaşırlar. Lerikdən, Daşkəsəndən, Gədəbəydən olan, yəni dağlıq ərazilərdə yaşamış gənclər dağlıq hərbi hissələrdə xidmət etdikdə, özlərini rahat hiss edirlər. Təbii ki, heç kim qışda, yaxud yayda hərbi xidmətə getməyi özü seçmir. Doğum tarixi və ya təhsilinin bitmə vaxtı hansı dövrə düşürsə, çağırış da həmin vaxta təsadüf edir. Buna görə də həm qışda, həm də yayda xidmət etməyin öz çətinlikləri və üstünlükləri var. Mən hesab edirəm ki, komandirlər bütün bu məqamları nəzərə alır və almalıdırlar. Əks halda, müəyyən problemlər yarana bilər. Məsələn, qış aylarında növbədə duran əsgər, donvurma ilə üzləşə və ya əl-ayaqları şaxtaya düşə bilər. Bu risklər nəzərə alınır və müvafiq tədbirlər görülür. Buna baxmayaraq, qışda xidmət etməyin çətinlikləri az deyil. Qış aylarında hərbi xidmətə başlayan əsgərlərin adaptasiyası daha çətin olur. Evdə istədiyin geyimi geyinirsən, amma hərbidə yalnız sənə verilən geyimlərdən istifadə edirsən. Düzdür, isti alt və üst geyimləri, papaq, əlcək və digər lazımi ləvazimatlar verilir. Amma elə əsgərlər də olur ki, bəzi geyimləri xoşlamırlar. Məsələn, alt geyimi və ya papağı bəyənməsələr belə, onları mütləq geyinməlidirlər. Çünki bunlar hərbi xidmətin ayrılmaz atributlarıdır”.

Hərbi ekspert bildirib ki, elə ərazilər mövcuddur ki, biz hələ qar görməmişik, amma başqa bölgələrdə artıq bir aydır qar var:

“Axşamlar və gecələr temperatur mənfi olur. Buna baxmayaraq, əsgər gecə növbəsinə çıxır, hərbi xidmətini yerinə yetirir və vəzifə borcunu icra edir. Bunların hamısı asan məsələ deyil. Elə buna görə də deyirlər ki, əsgərlik kişilik məktəbidir. İnsan bu məktəbdə bərkiyir və gələcək həyatında bu möhkəmliyin böyük faydasını görür”, – ekspert vurğulayıb.

Seçilən
28
nocomment.az

1Mənbələr