ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
“2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Bakı şəhərinin bütün rayonlarında köhnəlmiş yaşayış fondunun yenilənməsi ilə bağlı yerli icra hakimiyyəti sərəncam verdi. Bunun nəticəsində 2016-cı ildən 2020-yə kimi yüzdən çox yaşayış kompleksi ərsəyə gəldi. Yəni köhnə yaşayış fondu söküldü və yenisi ilə əvəz olundu. Bu da bizim şəhərdə bir çox şəhərin memarlıq üslubunu pozan və vətəndaşlar üçün orduda təhlükə yaradan islahat oldu”.
Bu barədə Bizimyol.info xəbər portalına əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. Ekspert qeyd edib ki, bu mühüm qərardan sonra bu günə kimi istehlakçılar üçün hər hansı bir ciddi bir miqyaslı iş aparılmayıb: “Həmin 86 saylı qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ləğv olunmuşdur. Aradan 7 il keçməsinə baxmayaraq, bu müddət ərzində mühim iş olaraq, 2023-cü ilin dekabr ayında Bakı şəhərinin Baş planı ictimaiyyətə təqdim olunmuşdur. Son yeddi il ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən böyük bir həcmdə irimiqyaslı icazələr tikinti şirkətlərinə verilməmişdir. Buna görə də, son beş il ərzində Bakı şəhərində, həmçinin Sumqayıt, Xırdalan və digər böyük şəhərlərdə yeni inşası başlayan böyük yaşayış komplekslərinin sayı 10 dəfə azalmışdır. İl boyu başlayan layihələrin sayı çox azdır”.
Elnur Azadov
Elnur Azadov qeyd edib ki, hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən islahatların aparılması gözlənilir, yüzə yaxın tikinti şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onlar üçün hazırlanan, layihələndirilən yeni icazə ilə bağlı gözləməkdədir. Ekspert hesab edir ki, bu proses başlamasa ölkədə daşınmaz əmlakın qiymət artımı dayanmayacaq.
“Son 20-30 il ərzində şəhərin simasının dəyişməsində 95 faiz tikinti şirkətləri rol oynayıb. Yəni köhnə yaşayış fondlarını söküb yenisi ilə əvəz edən özəl sektor olub. Artıq 5-6 ilə yaxındır ki, özəl sektora yeni layihələrin aparılması ilə bağlı icazələrin verilməsi olduqca məhdudlaşıb”-deyə ekspert bildirib.
Xatırladaq ki, 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.