Premyer Liqa təzəcə yuxuya gedib, amma I Liqa hələ oyaqdır. Gələn sezon elitadan gedən(lər)i əvəzləyəcək komanda(lar)nın kimliyi maraqlıdır. Deyim ki, burada liderlik mübarizəsi "yuxarı"dan heç nə ilə geri qalmır.


Ölkə futboluna ildırım sürətilə daxil olan və bu gedişlə yayda PL-də izləyəcəyimiz "Şəfa" inamlı qrafik cızır. Maliyyə problemləri yoxdur, iddiaları böyükdür, rəqiblərinə kiçik belə şans vermirlər. Sabah MOİK-lə oyunda da gözlənilən qələbəni qazansalar, elitaya vəsiqə üçün ciddi irəliləyiş əldə edəcəklər. 


Sonrakı pillədə nə qədər qəribə olsa da, "Səbail" qərarlaşmayıb. Bayıl təmsilçisi bu gün aşkar autsayder "Şimal"a məğlub olmaqla işlərini çətinə salıb. Düzdür, hələ liqa təzə yarılanır, mübarizə qabaqdadır. Ancaq aşağı liqanı elitadan fərqləndirən cəhət məhz nəticə sabitliyidir. Burada performansın gözəlliyi ikinci plana keçir, ardıcıllıq və minimum itki xüsusi əhəmiyyət daşıyır. Çünki yarışdakı rəqiblər arasında güc fərqi çox olur və sənin qalib gəldiyin komandanın rəqibini büdrətmə ehtimalı azdır. Bu baxımdan "Səbail" qayıtmaq istəyirsə, bu səhv sonuncu olmalıdır. 


Əvəzində "Baku Sportinq" ikinci pillədədir. Maraqlı komandadırlar. Yarışda ev oyunlarını təbii örtükdə keçirən yeganə kollektiv olan buzovnalılar sakitcə öz işlərindədirlər. Üzərilərinə düşən işi görür, ortalama xal ehtiyatlarını doldurur, "yarışda biz də varıq" deyirlər. 


Şanslarını qaçırdığı üçün üzüldüyüm əsas komanda isə "Mingəçevir"dir. Boş xal itkiləri olmasaydı, indi çempionluğa əsas namizəd idilər. Ramiz Məmmədov bir dəfə I Liqadan yuxarıya komanda çıxarıb ("Şamaxı") deyə bu təcrübəsindən yararlana və işləri düzəldə bilər. Amma bu qədər imkanları əldən vermək olmaz. İctimaiyyət ölkənin 4-cü böyük şəhərini elitada gözləyir. Böyük futbol sevgisi ilə seçilən Mingəçevir Premyer Liqaya rəng qata, onu daha da gözəlləşdirərdi. 


Sonrakı pillələrdəki "Zaqatala" və MOİK-in yenə bu liqada qalacağı görünür. "Şahdağ"ın yavaş-yavaş toparlanması da yaxşıya əlamətdir. Qusar təmsilçisi ölkənin köklü camiələrindən biridir, yaxşı azarkeş dəstəyinə malikdir. Bu komandanın bu mövsüm I Liqada möhkəmlənməsi, gələn il isə iddialı olaraq yüksək dəstəyə çıxmasını gözləyə bilərik.


"Cəbrayıl" və "Difai" haqda xüsusi bir fikrim yoxdur. "Şimal"ın isə aşağı düşməməsini istəyənlərdənəm. Region Liqasından bura qədər çətin yol keçiblər, minimal imkamlarla yaxşı idarə olunmağa çalışırlar, təmsil etdikləri Xaçmazda oynaya bilməmələri performanslarına əsas maneədir.


I Liqa ümumən maraqlı yarışdır, ara-sıra da olsa, imkan tapıb izləmək lazımdır. Burada qələbə daha çətin şəraitdə qazanılır, daha böyük əhəmiyyət daşıyır. Ona görə də mübarizə daha ciddi və daha amansız olur.