AZ

Məhkəmə qanunu pozdu: mühakimə olunan şəxsin son söz demək hüququ əlindən alındığına görə hökm ləğv edildi

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hansısa cinayətdə ittiham edilərək, məhkəmədə mühakimə olunan istənilən şəxsin ona hökm oxunmamışdan əvvəl son söz demək hüququ var. Bu hüquq qanunda da nəzərdə tutulub. Əgər mühakimə olunan şəxsin məhkəmədə son söz demək hüququ məhdudlaşdırılarsa, bu, qanun pozuntusu hesab olunur.

Bizimyol.info xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm təqsirləndirilən şəxsin son söz demək imkanından məhrum edilməsinə görə ləğv olunub. Apellyasiya məhkəməsi bu hüquq pozuntusunu hökmün ləğvi üçün əsas hesab edib.

Qeyd edək ki, həmin hökm 1990-cı il təvəllüdlü Gültər Bəşirzadə haqqında çıxarılmışdı. Gültər Bəşirzadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. İttihama əsasən, o, müxtəlif şəxslərdən kriptovalyuta işinə yatırmaq adı ilə külli miqdarda pul alıb. Həmin şəxslər əvvəl “Azebirja” şirkətinə pul yatırıb, oradan aylıq faiz alıblar. Gültər də həmin şirkətdə işləyib. Lakin o, sonradan pul yatıran şəxslərə deyib ki, bu şirkətin vəziyyəti yaxşı deyil, pullarını çıxarsınlar. Onlara bildirib ki, özü də şirkətdən ayrılıb. İndi özünə yeni şirkət təsis edib. Pul sahibləri də “Azebirja”dan pullarını çıxarıb, ona veriblər.

Gültər Bəşirzadə dələduzluq ittihamını qəbul etmir: “Mən iş qurmaq məqsədilə faizə pul verirdim, hər hansı bank və ya maliyyə fəaliyyəti ilə məşğul olmaq kimi bir məqsədim olmayıb. Mən zərərçəkmişlərin pulunu hər ay faizlə qaytarmışam, bunu sübut edə bilərəm. Faizlə pul verdiyim şəxslər üçün önəmli olan şirkət deyildi, onlara önəmli olan faizlə pullarını götürmək idi. Əvvəl fəaliyyət göstərdiyim şirkətin fəaliyyəti kriptovalyuta üzrə idi. Yəni pulu götürürdü və qarşılığında faiz verirdi. Əvvəlki şirkətdə işlədiyim müddətdə vətəndaşlar məni tanıyırdılar. Oradan çıxdıqdan sonra mənə güvəndiklərindən faizlə pul götürmək üçün öz şirkətimə müraciət etdilər”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyilə çıxarılan hökmə əsasən, Gültər Bəşirzadə 6 il 6 ay azadlıqdan məhrum edilib. Gültər Bəşirzadə hökmdən apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri bu hökmü ləğv edərək, işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.

Təqsirləndirilən şəxs bildirib ki, o, birinci instansiya məhkəməsində son sözə hazır olmadığını deyib, son söz üçün hakimdən vaxt istəyib, lakin ona bu imkan yaradılmayıb. Hakim onun vaxt istəməsini prosesi uzatmaq cəhdi və son sözdən imtina kimi qiymətləndirib. Təqsirləndirilən şəxs son sözünü demədən hökm üçün müşavirəyə yollanıblar.

Təqsirləndirilən şəxsin bu haqda dedikləri Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılan audioyazı və videogörüntülərlə də təsdiqlənib.

“Təqsirləndirilən şəxsin son sözü ona qarşı ittiham üzrə aparılan araşdıranın nəticəsində onun cavab vermək hüququnu ehtiva edir. Məhz bunun məntiqi nəticəsidir ki, o, ittiham üzrə ifadəsini bildirərkən konkret vaxt məhdudiyyəti müəyyən edilə bilməz. Məhkəmənin təqsirləndirilən şəxsin son sözünün müddətinin müəyyən edə bilməməsinə dair müddəa ona qarşı irəli sürülmüş ittiham üzrə ətraflı danışa bilməsini ehtiva edir. Bunun üçün də ona hazırlaşmaq məqsədilə vaxt verilməsinin qaçılmaz olmasını da həmin müddəa ehtiva edir. Lakin təqsirləndirilən şəxsə məhkəmə tərkibi tərəfindən son söz vermək hüququ təmin edilməmiş, nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur”, - deyə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında bildirilir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr