Tanınmış avstraliyalı idman aparıcısı və jurnalist Duncan MacKenzie-McHarg ABŞ-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Editor.az xəbər verir ki, bu barədə News.com.au nəşri məlumat yayıb.
Məlumata görə, 41 yaşlı aparıcı Los-Ancelesdə bir binanın damından yıxılıb. Hadisə zamanı o, huşsuz vəziyyətdə tapılıb. Polis araşdırmaları nəticəsində Duncan MacKenzie-McHargın aşağıdakı başqa bir damın üzərinə düşdüyü müəyyən edilib. İlkin məlumatlarda onun aldığı xəsarətlərin həyati təhlükə yaratmadığı bildirilsə də sonradan jurnalistin vəfat etdiyi təsdiqlənib.
MacKenzie-McHargın ailəsi ölüm xəbərini təsdiqləyib. Yaxınları bu itkini onlar üçün böyük şok kimi qiymətləndiriblər. Bildirilib ki, Duncan qeyri-adi bir insan olub, pozitiv enerjisi, mərhəmətli xarakteri və güclü yumor hissi ilə tanıdığı hər kəsin yaddaşında dərin iz buraxıb.
Qeyd edək ki, Duncan MacKenzie-McHarg Avstraliyada idman jurnalistikası sahəsində tanınmış simalardan biri olub.
//Gülnarə Abasova, Editor.az