BAKI, 24 dekabr. TELEQRAF
Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət hesab edən qanunu yekdilliklə təsdiqləyib.
Teleqraf xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, Əlcəzair Fransadan üzr və təzminat tələb edib.
Deputatlar Fransanın Əlcəzairdəki müstəmləkə keçmişinə və onun yaratdığı faciələrə görə hüquqi məsuliyyət daşıdığını bildirən qanun layihəsi qəbul edəndən sonra, "Yaşasın Əlcəzair" şüarları səsləndiriblər.
Parlament spikeri İbrahim Buqali dövlət xəbər agentliyi APS-ə bildirib ki, səsvermə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Əlcəzairin milli yaddaşının silinə bilməyəcəyi və müzakirə mövzusu olmadığı barədə aydın mesaj verir.