AZ

Dövlət Komitəsi "Bir olaq, həmrəy olaq!" adlı videokonfrans keçirib

Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Bir olaq, həmrəy olaq!" adlı videokonfrans keçirib.

Bu barədə "Far.Az"a komitədən məlumat verilib.

Bildirilib ki, görüşdə 86 ölkədən 1000-ə yaxın soydaşımız iştirak edib.

Videokonfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Komitə sədri Fuad Muradov soydaşlarımızı salamlayıb, Prezident İlham Əliyevin həyata keçirdiyi diaspor siyasətinin uğurlu nəticələrindən danışıb, diasporumuzun 2025-ci ildə birlik və iradəsini, milli gücünü bir daha dünyaya nümayiş etdirdiyini qeyd edib.

Konfransda komitənin və Azərbaycan diasporunun 2025-ci ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub, xaricdəki icmalarımızı fərqləndirən, fəaliyyətlərinə dəyər qatan layihələr barədə danışılıb. Nəzərə çatdırılıb ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi, 15 Koordinasiya Şurası, yüzlərlə diaspor təşkilatı, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Qarabağ adlı həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir.

Soydaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət başçısına minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın və onun siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.

Çıxış edənlər dünya azərbaycanlılarının birlik və həmrəylik içində, koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini, Zəfərin 5 iliyinin hər bir soydaşımız üçün qürurun, sevincin və milli birliyin zirvəsi olduğunu dilə gətirib, həmrəylik və sülh çağırışlarını səsləndiriblər. Dünya azərbaycanlıları 2026-cı ilin yeni ideyalar, yeni məqsədlər və yeni başlanğıclar ili olacağına ümidlərini ifadə ediblər.

Daha sonra Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli işlərinə görə bir qrup diaspor üzvü "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Görüşdə Azərbaycan mədəniyyətini dünyada tanıtdıran diaspor üzvlərinin iştirakı ilə müxtəlif musiqi nömrələri nümayiş olunub, soydaşlarımızı birliyə, həmrəyliyə çağıran Diaspor Himni səsləndirilib.

Seçilən
63
4
far.az

6Mənbələr