Yeni nəsil uzaqmənzilli və yüksək hündürlüklü hava hücumundan müdafiə sisteminin ilk sınaq buraxılışı uğurlu hesab olunub...
KXDR-in Raketqayırma üzrə Baş İdarəsi dekabrın 24-də hazırlanmaqda olan ən yeni zenit raketlərinin sınaq buraxılışını həyata keçirib.
Poliqon xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Sınaq prosesini şəxsən ölkə lideri Kim Çen In izləyib və buraxılışın uğurla başa çatdığını bildirib.
Məlumatda qeyd olunur ki, bu sınaq yeni zenit raket sisteminin taktiki-texniki xüsusiyyətlərinin qiymətləndirilməsinə yönəlmiş ilk mərhələdir. Buraxılan raketlər təlim xarakterli hava hədəflərini təxminən 200 kilometr məsafədə dəqiqliklə məhv edib. Rəsmi Pxenyan bu nəticəni ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirir.
Cənubi Koreyanın Yonhap agentliyinin yazdığına görə, sınaq zamanı buraxılan raketlər Koreya yarımadasında Şərqi Koreya dənizi adlandırılan əraziyə, yəni Yapon dənizinə düşüb. Seul tərəfi bu cür sınaqları regionda hərbi gərginliyi artıran amil kimi qiymətləndirir.
Ekspertlər hesab edirlər ki, KXDR-in yeni zenit raket sistemləri üzərində işi ölkənin hava məkanının müdafiəsini gücləndirməyə və potensial təhlükələrə qarşı cavab imkanlarını genişləndirməyə yönəlib. Bu sınaqlar eyni zamanda Pxenyanın hərbi-texnoloji inkişafı davam etdirdiyini və raket proqramına xüsusi önəm verdiyini göstərir.
Poliqon.info