ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni sənədlərdə FTB materiallarına istinad edilir və ittihamların mənbələri qismən gizlədilib...
Poliqon xəbər verir ki, Time jurnalının tanış olduğu və Cefri Epşteynin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində yayımlanan yeni sənədlərdə ABŞ prezidenti Donald Trampın zorlamada ittiham edildiyi materiallar yer alır. Jurnal yazır ki, sənədlər Federal Təhqiqat Bürosunun (FTB) iş materiallarına daxildir və burada Trampın adının çəkildiyi ağır ittihamlar mövcuddur.
Məlumata görə, sözügedən iş 2020-ci ilin oktyabrına tarixlənir. İttihamların mənbəyi açıqlanmır, çünki sənədlərdə bir sıra məlumatlar, o cümlədən adlar və bəzi detallər redaktə edilərək çıxarılıb. Materiallarda 1995-ci ildə Donald Trampı hava limanına aparan limuzin sürücüsünün ifadəsinə istinad olunur. Sürücü sənəddə adı gizlədilmiş şəkildə Trampın apardığı “son dərəcə narahatedici” telefon danışığından bəhs edir. Həmin danışıqda “Ceffri” adı və “bir qıza qarşı zorakılıq” ifadələrinin səsləndiyi qeyd olunur.
Bundan əlavə, dosyelərdə adı açıqlanmayan bir qadının ifadəsi də yer alır. Həmin qadın Donald Trampın onu zorladığını, eləcə də Trampın bu əməlləri Ceffri Epşteynlə birlikdə törətdiyini iddia edib. Sənədlərdə bu ifadələrin təfərrüatları geniş şəkildə təqdim olunmur, çünki istintaq materiallarının bir hissəsi məxfilik səbəbi ilə redaktə edilib.
Xatırladaq ki, dekabrın 23-də ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı təxminən 30 min yeni sənədi ictimaiyyətə açıqlayıb. Bu, cinsi istismar, fahişəliyə cəlbetmə və o cümlədən azyaşlıların cinsi istismarı ittihamları ilə məhkum olunmuş və 2019-cu ildə həbsxanada vəfat etmiş maliyyəçinin işi üzrə indiyədək dərc edilən ən iri sənəd toplusu hesab olunur.
Media yazır ki, açıqlanan sənədlərdə Donald Tramp üçün siyasi və hüquqi baxımdan həssas sayıla biləcək məlumatlar da yer alır. Xüsusilə qeyd olunur ki, Tramp 1993–1996-cı illər arasında ən azı səkkiz dəfə Epşteynə məxsus şəxsi təyyarə ilə uçub. Həmin uçuşlardan birinin adı açıqlanmayan 20 yaşlı bir qadının iştirakı ilə baş verdiyi bildirilir. Bu faktlar ABŞ-da geniş ictimai və siyasi müzakirələrə səbəb olub.
Poliqon.info