Florida Universitetinin alimləri psixoloji rifah və həyat tərzi ilə əlaqəli vərdişlərin beyni cavanlaşdıra biləcəyini aşkar ediblər.
E-saglam.az xəbər verir ki, nəticələr "Brain Communications" jurnalında dərc olunub.
Müəlliflər iki il ərzində bir çoxunda osteoartrit səbəbindən xroniki ağrı olan 128 orta yaşlı və daha yaşlı yetkinin vəziyyətini izləyiblər. MRT və maşın öyrənməsindən istifadə edərək, iştirakçıların "beyin yaşını" bioloji yaşları ilə müqayisə edərək qiymətləndiriblər.
Təhlil aydın bir əlaqəni ortaya qoydu: dörd əsas vərdişi kombinasiya edənlərin beyinləri orta hesabla yaşlarından səkkiz il daha gənc görünürdü. Bu vərdişlərə aşağıdakılar daxildir:
1. Optimizm (müsbət münasibət).
2. Keyfiyyətli dərin yuxu.
3. Effektiv stress idarəetməsi.
4. Güclü sosial dəstəyə sahib olmaq.
Tədqiqat rəhbəri dosent Kimberli Sibil izah edib ki, sağlamlığı təşviq edən davranışlar yalnız ağrının azaldılması ilə əlaqəli deyil, həm də beyin sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Maraqlıdır ki, mənfi amillər (xroniki ağrı, aşağı gəlir və təhsil) daha yaşlı "beyin yaşı" ilə əlaqələndirilirdi. Lakin onların təsiri zamanla zəiflədi, müsbət vərdişlərin faydaları isə güclü və uzunmüddətli qaldı.
Tərcümə: Könül Oruc
E-saglam.az