AZ

Qar gəlməmiş Bakıda həyəcan - Hazırlıqlar başa çatıb?

Bu il qış hələ sərt üzünü göstərməyib. Bəzi günlər yağış yağsa da, hava şəraiti əsasən yağmursuz, mülayim keçir. Amma qış fəsli yeni başlayıb. Bəzi proqnozlar qışın qarlı və şaxtalı olacağını göstərir. Bəs Bakı mümkün qarlı günlərə və şaxtaya nə dərəcədə hazırdır?

“Yeni Sabah” məsələni müvafiq qurumlardan soruşub.

Bakı Şəhər İcra Hakimiyyəti bildirilib ki, paytaxtda qarlı havalara hazırlıqla bağlı rayonlarda aidiyyəti qurumların iştirakı ilə müşavirələr keçirilib:

“Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir”.

Qeyd olunub ki, qurumlara qarın təmizlənməsi üçün lazımi inventarın toplanması  və texnikaların yoxlanılması tapşırılıb:

“Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Sabah”a bildirilib ki, Bakıda qış mövsümü üçün texnikalar sazlanıb və sürüşməyə qarşı zəncirlər alınıb:

“Bakı şəhərində maşın-mexanizm və texnikalar qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Ölkənin avtomobil yollarına xidmət göstərilməsi üçün də maşın-mexanizm və texnikalat hazır vəziyyətə gətirilib.

Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulub qum və duz qarışığından ibarət ehtiyyatlar yığılıb”.

Agentlikdən qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində körpülər, yol infrastrukturu və suötürücü sistemlərdə zəruri təmir və təmizləmə işləri aparılıb:

“Eyni zamanda, qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
41
yenisabah.az

1Mənbələr