ABŞ Ukraynada davam edən münaqişənin həllinin mümkün olduğuna inanır və bunun qarşıdakı 90 gün ərzində baş verə biləcəyini hesab edir.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Matthew Whitaker Fox News telekanalına müsahibəsində bildirib.
“Əgər münaqişə sona çatacaqsa, bu, qarşıdakı 90 gün ərzində baş verəcək”, – deyə Whitaker vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna üzrə aparılan danışıqlarda iştirak edən tərəflər 20 maddədən ibarət sülh planı da daxil olmaqla ümumilikdə dörd sənədi müzakirə ediblər.
Qeyd edək ki, dekabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Moskva, Kiyev və Vaşinqton arasında müzakirə olunan sülh planının 20 maddəsinin hamısını ilk dəfə açıqlayıb. Sözügedən sənəddə ərazi güzəştləri, Zaporojye Atom Elektrik Stansiyasına nəzarət, Ukrayna Silahlı Qüvvələrinin sayı və ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı müddəalar yer alır.
//Gülnarə Abasova, Editor.az