AZ

Yüz ilə sığmayan gün

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı haqqında

əvvəli ötən saylarımızda

Qazanqapın oğlu Sabitcan atasının antipodu, onun tərsinə çevrilmiş köynəyidir. Cismən atasının oğlu olsa da, mənən manqurtun varisidir. Təkcə elə şəhərdə yaşamağıyla özünü fağır, sadəlövh Boranlı zəhmətkeşlərindən min qat üstün bilir, elmi-texniki bilgilərinin savadsız fəhlələrdən çox olmasıyla qürrələnir, onların avamlığını başlarına qaxır. Özünü elə aparır ki, guya şəhərdə onsuz heç kimin işi getmir, halbuki həmin əyalət şəhərində o, bürokratik aparatın xırdaca bir vintciyi - vur-tut hansısa məmurun katibi, necə deyərlər, çaydaşıyanı, çantadaşıyanıdır. Eynən ulu babası manqurt kimi Sabitcan üçün də müqəddəs heç nə qalmayıb, xeyir, həqiqət, gözəllik onun toz basmış ruhuna yad-yabançıdır. Atasına ağı dediyinə görə müasirlik tərəfdarı şəhərli meyit ortalıqda ola-ola bacısıyla ağızlaşır, mərhumun uzaq Ana-Beyitdə dəfninə etiraz eləsə də, Yedigeyin dəmir iradəsini sındıra bilmir. Sonra xarizmasının zədələndiyini görən saxta tərəqqi aşiqi, yalançı sivilizasiya cəngavəri, vunderkind qarışqa, motorlu kərtənkələ özünü üstün, ağıllı göstərməyin yolunu dünyanın gözündən iraq fağır boranlıları təəccübləndirməkdə tapır:

“- Siz bir özünüz ağlınıza vurun, - o, gözlüyünü parıldadaraq hamını kamına çəkirmiş kimi odlu baxışlarla süzürdü, - əslinə qalsa, biz bəşər tarixinin ən xoşbəxt adamlarıyıq. Bax, Yedigey, bizim aramızda ağsaqqal sənsən. Sən yaxşı bilirsən ki, əvvəllər necəydi, indi necədir. Bunu nəyə görə deyirəm? Keçmişdə insanlar allahlara inanırdılar. Qədim Yunanıstanda guya bu allahlar Olimp dağında yaşayırmışlar, onların nəyi allah idi?! Sarsağın biriydilər. Əllərindən nə gəlirdi? Bir-biriylə düşmənçilik eləməkdə ad çıxarmışdılar, amma adamların həyatını dəyişə bilmirdilər, heç bu barədə fikirləşmirdilər də... Əslində, bu allahlar heç yerli-dibli olmayıb, hamısı uydurma nağıllardır. Bizim allahımız bambaşqa - onlar bizimlə yanaşı yaşayırlar, bax burada, bizim Sarı-Özək torpağımızda, elə bununla da bütün dünya qarşısında fəxr eləyirik! Onları biz nə görürük, nə tanıyırıq, bu heç lazım da deyil, qanun da buna yol verməz ki, hər yetən şırkınbay-mırkınbaylar onlara əl verib salam desinlər, bəs kefin-əhvalın necədir? Elə əsl Allah da onlardır! Bax elə sən özün, Yedigey, təəccüblənirsən ki, onlar kosmik gəmini radio ilə necə idarə eləyirlər. Halbuki bu heç nədir, keçmiş əhvalatdır! O maşınlar, aparatlar proqram üzrə idarə olunur. Gün gələcək, adamlar da radio ilə idarə olunacaq, bu indiki avtomatlar kimi. Başa düşürsünüzmü - adamlar, uşaqdan böyüyəcən hamı. Artıq bunun üçün elmi əsaslar var. Elm ali mənafe naminə buna da nail olub.

- Dayan bir görüm, elə tutub ki, ali mənafe naminə, ali mənafe naminə! - Caydaq Ədilbəy onun sözünü kəsdi. - Sən məni bir əməlli başa sal, nəsə yaxşı başa düşmürəm. Belə çıxır ki, hər birimiz yanımızda tranzistorsayaq kiçik bir radioqəbuledici gəzdirməliyik verilən əmrləri eşitmək üçün? Bu, indi hər yerdə var ki!

- Ay məzən olsun! Məgər söhbət bundan gedir? O, boş şeydir, uşaq oyuncağıdır! Heç kim heç nə gəzdirməyəcək. İstəsən, lap lüt-üryan gəz dolan. Amma gözə görünməyən radio dalğaları - biotok adlanan şey daim sənə, şüuruna təsir edəcək.

- Belə de!

- Bəs sən nə bilmişdin! İnsan ancaq mərkəzdən verilən proqram əsasında iş görəcək. Ona elə gələcək ki, guya özü bildiyi kimi azad, sərbəst gəzib-dolanır, əslində isə lap nəfəsi də yuxarıdan verilən göstərişə əsasən alır. Hamısı da ciddi qaydalar üzrə. İstəyir ki, oxuyasan - siqnal verəcək, oxuyacaqsan. Oynamağın lazımdır - siqnal, oynayacaqsan. İşləməyin lazımdır - işləyəcəksən, özü də necə işləyəcəksən! Oğurluq, əyrilik, xuliqanlıq, cinayət - hamısı unudulub gedəcək. Ona görə ki, insan davranışında hər şey nəzərə alınacaq - bütün əməlləri, fikirləri, bütün arzuları. Məsələn, deyək ki, bu saat dünya demoqrafik fəlakət qarşısındadır, yəni o qədər doğub-törəyiblər ki, yedizdirmək olmur, ərzaq çatmır. Neyləmək lazımdır? Doğum azaldılmalıdır. Arvadına o vaxt yaxın duracaqsan ki, nə vaxt siqnal verəcəklər, cəmiyyətin mənafeyi naminə...

- Ali mənafeyi? - deyə Caydaq Ədilbəy rişxəndlə düzəliş verdi.

- Tamamilə doğrudur, dövlət mənafeyi hər şeydən üstündür... Ya da elə hərbi işi götürək. Orada da hər şey komanda ilə olacaq. Oda atıl - atılacaqsan, paraşütlə tullan - göz qırpmayacaqsan, atom minasıyla tankın altına gir partlat - baş üstə, bir göz qırpımında...

Yedigeyi birdən əməlli-başlı qorxu basdı: bəlkə dünyada böyük elm sahibi olan adamlar var ki, bizim üstümüzdə allahlıq eləmək iddiasındadırlar...”

Aytmatovun antiutopiyası bu gün necə də aktual səslənir! Bir balaca düzəlişlə: alim adamlar da yox, elmi istismar eləyən adamlar - allahlıq iddiasına da yox, bu ad altında şeytanlıq iddiasına düşüblər. Yoxsa allahlıq iddiası insana zərər verməz, bəşəriyyətin bütün böyük nailiyyətləri məhz bu iddianın hesabına gerçəkləşib. Bu məsələylə bağlı, qismət olsa, irəlidə Boranlı Yedigeylə birgə ortaq qənaətə gələrik...

İnsanın yeni üsullarla manqurtlaşdırılmasından həvəslə danışan tərəqqi bülbülü hapa-gopa basdıqca unudur ki, bəyənmədiyi qədim yunan tanrıları da insanları bu üsulla idarə eləyirdilər, gecə-gündüz hər bir kəsə göz qoyur, hamını kökəldib kəsmək üçün otarırdılar. İnsanın azad iradəsi əlindən alınandan sonra nə fərqi var o azadlığı ondan kim alıb - Olimp allahlarımı, elm kahinlərimi, texnologiya krallarımı? Hər nədirsə, Sabitcan öz sərbəst iradəsini azadlıq dəllallarına, könül tacirlərinə təhvil verməyə bəri başdan, hələ ondan təslim olmaq istənməmiş çox həvəslə razılaşıb.

Bu məqamda böyük psixoloq Erix Frommun “Azadlıqdan qaçış” traktatı necə yada düşməsin? Həqiqətən, azadlıq elə yükdür ki, onun altına tək-tək adam çiyin verməyə razılaşır. Əksəriyyət azadlığın gətirdiyi riskləri təhlükəsiz həyatın dincliyinə dəyişməyi üstün tutur. Totalitar sistemlər məhz belə bir alver üzərində bərqərar olur. Sovet hakimiyyəti də duruş gətirdiyi yetmiş ilin ən azı qırx ilini xalqın dinclik arzusunun kölgəsində, asudəlik mürgüsünün xumarlığında keçirmişdi. İnsan hər cür təhlükədən öz evinə, çardağının altına sığınır, di gəl, zəlzələ baş verəndə ev, çardaq özü ən böyük təhlükəyə çevrilir.

***

Əsərin maraqlı məqamlarından biri Yedigeyin Zərifəyə sevgisindən duyuq düşdüyü anlardır. Yedigeylə yaşıd olan Abutalıb Kuttubayevin ailəsi - arvadı Zərifəylə iki balaca oğlu Boranlı razyezdinə 1951-ci ildə köçür. Abutalıb həm öz balalarına, həm də qonşu uşaqlarına yazıb-oxumaq öyrədir, gecələr cəbhə xatirələrini qələmə alır. Boranlıya Kuttubayevlər kefdən gəlməyiblər: on il əvvəl müharibədə almanlara əsir düşmüş Abutalıb düşərgədən qaçıb Yuqoslaviya partizanlarına qoşulub, onlarla çiyin-çiyinə faşizmə qarşı döyüşüb; Sovet İttifaqının Yuqoslaviya Federasiyasıyla arası dəyəndən sonra hər yerdə ona şübhəli persona kimi baxmağa başlayıblar, özünə iş, ailəsinə sığınacaq verməyiblər. Boranlıda isə Kuttubayevlər xoş üzlə, mehriban münasibətlə rastlaşıblar, Yedigeyin ailəsiylə birevli kimi olublar, arvad-uşaq bir-birinə qaynayıb-qarışıb.

davam növbəti sayımızda

F.Uğurlu

Seçilən
26
yeniazerbaycan.com

1Mənbələr