Böyük Qayıdış artıq proqram deyil, yaşayan, nəfəs alan milli reallıqdır
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Azərbaycanın müasir dövlətçilik tarixində 24 dekabr adi təqvim günü deyil, milli qürurun, siyasi iradənin və böyük quruculuq salnaməsinin rəmzinə çevrilmiş bir tarixdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin öz doğum gününü işğaldan azad edilmiş torpaqlarda, xalqın içində və dövlət gücünü təcəssüm etdirən nəhəng layihələrin açılışı ilə qeyd etməsi artıq təsadüf deyil, formalaşmış və sarsılmaz dövlətçilik ənənəsidir. Bu ənənənin növbəti parlaq səhifəsi Ağdamda yazıldı.
Bir zamanlar düşmən vandalizminin simvoluna çevrilmiş, beynəlxalq hesabatlarda “ruhlar şəhəri” adlandırılan Ağdam bu gün dirçəlişin, yenidənqurmanın və Böyük Qayıdışın real ünvanıdır. Şəhərin müasir baş planına uyğun şəkildə salınan yaşayış massivləri, sosial infrastruktur obyektləri və geniş abadlıq işləri Azərbaycanın iqtisadi potensialının və siyasi iradəsinin canlı göstəricisidir. Təkcə 13 hektarlıq ərazidə inşa edilmiş 60 binadan ibarət, 1268 mənzilli ikinci yaşayış kompleksinin istifadəyə verilməsi Ağdamın yenidən doğuluşunun miqyasını açıq şəkildə ortaya qoyur.
Cənab Prezident İlham Əliyev Ağdamdakı çıxışında bu prosesi sadəcə tikinti işi kimi deyil, milli həyatın bərpası kimi qiymətləndirərək demişdir: “Biz Ağdamı yenidən qururuq. Şəhərin baş planı təsdiqlənib və bu plana əsasən Ağdam bölgənin ən müasir, ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz dağılmış evlərin yerində yeni həyat qururuq.” Bu sözlər təkcə bir şəhərin deyil, bütövlükdə Qarabağın taleyinə verilmiş siyasi və mənəvi təminatdır.
Dövlət başçısının Ağdamdan verdiyi mesajlar həm də beynəlxalq müstəviyə ünvanlanmış prinsipial mövqenin ifadəsi idi. Onilliklər boyu münaqişənin həllini imitasiya edən, əslində isə işğalı legitimləşdirməyə çalışan beynəlxalq mexanizmlərin iflası açıq və kəskin şəkildə bəyan edildi. Cənab Prezidentin vurğuladığı kimi, “İndi artıq heç kimə sirr deyil ki, ATƏT-in Minsk qrupu kimi strukturlar problemi həll etmək üçün deyil, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Biz öz gücümüzlə, öz qanımızla bu ədalətsizliyə son qoyduq və Minsk qrupunu tarixin arxivinə göndərdik.”
Bu fikirlər Azərbaycanın artıq öz taleyinin sahibi olduğunu və bölgədə yaranmış yeni geosiyasi reallığın dönməz xarakter daşıdığını bir daha dünyaya nümayiş etdirdi.
Ağdamda yaşanan dirçəlişin ən təsirli tərəfi isə insan taleləri ilə bağlıdır. Uzun illər didərgin həyat yaşayan ailələrin doğma torpaqlarına qayıdışı, onların yeni mənzillərdə məskunlaşması Böyük Qayıdış proqramının humanitar mahiyyətini bütün aydınlığı ilə göstərir. Dekabr ayında 104 ailənin Ağdama köçməsi təkcə statistik rəqəm deyil, xalqın qələbə ruhunun, səbrinin və inamının təntənəsidir. Cənab Prezident İlham Əliyevin sakinlərlə görüş zamanı söylədiyi sözlər bu qayıdışın mənəvi yükünü ifadə edir: “Mənim üçün ən böyük hədiyyə sizin bu binalarda məskunlaşmağınız, sizin üzünüzdəki sevincdir. Biz şəhidlərimizin qanı bahasına bu torpaqlara qayıtmışıq və burada əbədi yaşayacağıq.”
Ağdamın gələcək inkişaf perspektivləri isə bu şəhərin yalnız yaşayış məkanı deyil, eyni zamanda ölkənin dördüncü böyük sənaye mərkəzinə çevriləcəyini göstərir. Yeni sənaye zonaları, logistika imkanları və iqtisadi layihələr Qarabağın iqtisadi xəritəsini tamamilə dəyişməkdədir. Xankəndidə ucaldılan Zəfər tağı, azad edilmiş bütün ərazilərdə dalğalanan üçrəngli bayraq bu qayıdışın və quruculuğun rəmzinə çevrilib.
Beləliklə, 24 dekabr tarixi Azərbaycanın Zəfər salnaməsinə həm cənab Prezident İlham Əliyevin doğum günü, həm də Ağdam şəhərinin yenidən doğulduğu gün kimi daxil oldu. Bu gün Ağdamın küçələrində yanan işıqlar təkcə binaları deyil, xalqın gələcəyə olan inamını işıqlandırır. Böyük Qayıdış artıq proqram deyil, yaşayan, nəfəs alan milli reallıqdır və bu reallığın mərkəzində güclü dövlət, qətiyyətli lider və öz torpağına qayıdan xalq dayanır.