AZ

TEYMURUN REİNKARNASİYASI: QƏBİRDƏN QƏBİRƏ, YOXSA, CƏBHƏDƏN CƏBHƏYƏ?



Kim necə düşünür-düşünsün, birmənalı bu fikirdəyəm ki, valideynlərin övladlarına məşhur şəxsiyyətlərin adlarını qoyması əksər hallarda həmin məşhurlara bəslədikləri rəğbətin ifadəsidir. Məsələn, qədim Ərəbistanda hz. Məhəmməddən əvvəl də məhəmmədlər, hz. Əlidən əvvəl də əlilər, hz. Hüseyndən əvvəl də hüseynlər olub. Amma min illər sonra digər müsəlman ölkələrində, o cümlədən, Azərbaycanda dünyaya göz açan körpələrə bu adların verilməsi, əlbəttə ki, islam peyğəmbərinin, imamlar atasının, şəhidlər sərvərinin xatirəsinə böyük ehtiramın təcəssümüdür. Eləcə də çingizlər böyük fateh Çingiz Xanın, teymurlar görkəmli sərkərdə Əmir Teymurun nişanələrini daşıyırlar desək, yanılmarıq. Bircə qalır daşıdığın nişana layiq olmağın.

Çoxumuz Stalinin əmri ilə sovet arxeoloqlarının Əmir Teymurun qəbrində apardıqları qazıntı işlərini müşayiət edən qəribə hadisələr barədə məlumata rast gəlmişik. Cahangirin məzarının açıldığı və sümüklərinin Moskvaya ekspertiza üçün götürüldüyü günün ertəsi – 1941-ci il iyunun 22-də Hitler Almaniyası SSRİ-yə hücum edir. Bir müddət sonra Səmərqənddə baş verənlər və müharibənin başlanmasının Əmir Teymurun qəbrinin açılması ilə bağlı ola biləcəyi haqda Stalinə məlumat verilib. Stalinə onu qorxudan bu məlumatı çatdıran şəxs məşhur sovet sərkərdəsi general G.Jukov olub. Bundan əndişəyə düşən Stalinin xüsusi tapşırığı ilə Əmir Teymurun sümükləri, nəvəsi və oğlunun qalıqları ilə birlikdə 1942-ci il dekabrın 20-də türbəyə geri gətirilib. Sümük qalıqları islam qaydalarına uyğun olaraq, yenidən çıxarıldıqları yerə dəfn olunub. Bundan cəmisi iki gün sonra isə Almaniyanın 330 minlik ordusu Stalinqradda mühasirəyə salınıb, əsas hissəsi məhv edilib, qalıqları isə əsir götürülüb. Müharibə başa çatdıqdan sonra Stalin Səmərqənddə Əmir Teymurun məqbərəsinin bərpası üçün 1 milyon rubl pul ayırıb. O zamana görə, bu pulla bir neçə hərbi texnika almaq və ya bir ordunun ən azı bir aylıq ərzaq təminatını ödəmək olardı.

Düzü, bizim Şəhid leytenant Teymur Qüdrət oğlu Allahverdiyev barədə bu yazını qələmə almağa tərəddüd edirdim. Söz yox, son döyüşünün baş verdiyi 1992-ci il mayın 8-dən 2025-ci ilin oktyabr ayına kimi itkin hesab olunan Teymurun tapılmış nəşinin doğulmuş olduğu Neftçala rayonunun Qaçaqkənd kənd qəbiristanlığında torpağa tapşırıldığı gün izdihamlı keçən dəfnində də iştirak etdim. Yaxınlarına başsağlığı verdim. Nəşi üçrəngli bayrağımıza bükülmüş Şəhidin ruhuna rəhmət dualarını müşayiət edən himnimizin sədalarını, Şəhidin şərəfinə fəxri qarovulun səmaya açdığı güllə səslərini eşidəndə müəzzəm hisslər keçirdim. Otuz üç ilin ayrılığına tab gətirən Şəhid Anasının, qardaş və bacılarının dəyanəti qarşısında baş əydim. Uca Yaradana bu mətin bəndələrinə mükafat olaraq əta etdiyi xatircəmliyə görə şükür etdim.

İndi də bu sətirləri qələmə almağa tərəddüdümün səbəbi barədə: Əvvəla, mən də çoxları kimi bu faktın daha çox sevindirici, yoxsa, üzücü olduğunun fərqinə varmaqda çətinlik çəkirdim. Bundan başqa, müasir Azərbaycan ədəbiyyatına və incəsənətinə tanınmış simalar bəxş etmiş, uğurları ölkəmizin hüdudlarını aşan Allahverdiyevlər nəslinin övladlarının cəmiyyətdəki nüfuzlarına görə onları yaxından tanıyan ziyalı zümrələri nümayəndələrinin, müqtədir qələm sahiblərinin hadisəyə münasibət bildirdikləri yazılar, demək olar. hər gün gözümə sataşırdı. Hətta Türkiyə və digər qardaş türk uluslarının təmsilçilərinin Şəhidin qardaşı - tanınmış rəssam Sehran Allahverdiyə ünvanladıqları təsəlli nidalarını da oxuyurdum. Kimi publisistik üslubda, kimi esse dili ilə, kimi də poetik ifadələrlə qələmə aldığı fikirlərdə məni bir addım qabaqlayırdı.

Demək istədiklərimi Şəhidin qardaşı qızı, əmisinin qəhrəmanlıq hekayələri ilə böyümüş, uşaq vaxtı kənddə tapdığı hər parabüzən böcəyini “Teymur əmimizi gətir” deyə uçurtmuş Bəsti xanım “Udulmuş güllə” adlı essesində demişdi.

Yazmaq istədiklərimi şairə Adilə Nəzər yazmışdı artıq:
Teymur indi doğulduğu torpaqda yatır,
amma ruhu hələ də Şuşa dağlarında dolanır –
külək kimi, bayraq kimi, dua kimi.

Ağlımdan keçənləri “Xəzər nəğmələri” Ədəbi Birliyinin üzvü Müzəffər Məzahim söyləmişdi:

Dayandı üz-üzə zamanla, vaxtla,
Ucaldı məqama müqəddəs taxtla,
Bu cavan ömrünə yazılan baxtla,
Qədərlə qayıtdı döyüşdən Teymur.

Eynən mənim kimi, çaşqınlığını Vaqif Osmanov da “Anaların izləri göyərdən göz yaşları” adlı rekviyemində bölüşmüşdü: “Nə deyək əzmli, dözümlü, ümidi heç vaxt ölməyən analara. Gözünüz aydınmı, yaxud başınız sağ olsunmu?”

Teymurun qayıdışını tərənnüm edən içsəslərimi məndən öncə Rəfail Tağızadə nəzmə çəkmişdi:

Ürək döyünürsə ad çəkiləndə,
İçinin alovu hələ sönməyib.
Qəlblərdə yaşayan, müqəddəsləşən
Şəhidlər yaşayır, şəhid ölməyib.

Yox, imanımı yandıra bilmərəm, bəlkə də heç ağlıma gəlməmişdi altını cızdığım fikirlər. Sadəcə, oxuduqca, bəyəndikcə qeyri-ixtiyari şərik olmuşdum onlara, özümünküləşdirmişdim onları.
Yəqin, Əmir Teymurun ilyarımlıq didərgin düşmüş qalıqları haqqında məlumatı hardansa xatırlamağım lazım imiş ki, Şəhid Teymurun otuz üç il sərgərdan qalan ruhunun rahatlıq tapması barədə fikirlərimi bölüşməyə cəsarət tapım.

Allah bizim Teymuru aidiyyəti olmadan göndərildiyi Əfqanıstan müharibəsində həlak olmaqdan qorumuşdu. Çünki onun alnına başqa aqibət yazılmışdı: Cəbhəni cəbhəyə dəyişməliydi. Öz Vətəninin müdafiəsi uğrunda gedən müqəddəs savaşda İnsanlığın Şəhidlik zirvəzinə yüksəlməliydi. Adı Zəfər Muzeyinə yazılmalıydı. Tabutu gənc vətənpərvərlərin çiynində daşınmalıydı. Şəninə şeirlər qoşulmalıydı. Fotoşəkilləri məktəblilərin yaxasını bəzəməliydi. Rəsmləri qardaşı Sehranın ecazkar fırçası ilə tamaşa edən gözlərə qürurun, fəxarətin rəngini göstərməliydi...

Yaddaşlarda həmişə 25 yaşında qalacaq Şəhid Teymurun on yaş kiçik bacısı Şəfa xanım ulu peyğəmbərdən sitat gətirir: “Cənnətə varid olan heç kəs bir də Bu Dünyaya qayıtmaz, burdakı bütün naz-nemətlər vəd olunsa belə. Yalnız şəhidlər hər biri yenidən şəhid olub, Allaha qovuşmağın o ləzzətini dəfələrlə dadmaq üçün dünyaya qayıtmağı arzulayırlar”.

Reinkarnasiyadan çox şey anlamıram. Ancaq Teymurun cənnətməkan ruhunun başqa canda nə vaxtsa Bu Dünyaya növbəti missiya ilə dönəcəyinə qəti inanıram. Əlbət ki, Vətənin bir də şəhid verməsini istəmərik. Hərçənd, qeyrətli Vətən övladlarının qarşısında hələ o qədər bizi həm dışdan, həm də içdən təhdid edən problemlər durub ki! Teymurları, seymurları, sehranları cəbhədən cəbhəyə qovan, həlli vacib problemlər...

Pünhan Şükür



Seçilən
47
aia.az

1Mənbələr