AZ

Qarabağ təcrübəsi bütün ölkə üçün model olacaq – Tənzilə Rüstəmxanlı yazır

Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Azərbaycan şəhərsalma mədəniyyəti, memarlıq üslubları və tarixi abidələri xalqımızın dünyagörüşünü, estetik zövqünü və yaradıcılıq potensialını əks etdirən canlı tarixdir.

media-whatsapp-image-2025-12-17-at-21-04-55

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu zəngin irsin cəmiyyətə daha dərindən təqdim olunması, gənc nəsildə milli memarlıq məktəbinə marağın artırılması və peşəkar mühitdə yeni ideyaların təşviqi üçün geniş imkanlar açılır. Bu qərar yalnız memarlıq irsinin qorunmasına deyil, eyni zamanda müasir şəhər mühitinin elmi əsaslarla formalaşdırılmasına yönəlmiş strateji yanaşmanı əks etdirir.

Prezident tərəfindən qəbul edilən bu mühüm qərar şəhərsalma fəaliyyətində milli dəyərlərin qorunması ilə müasir urbanistik prinsiplərin uzlaşdırılmasını, dayanıqlı inkişaf, funksional planlaşdırma və estetik bütövlük anlayışlarının praktik tətbiqini təşviq edir. Şəhər məkanının insan amilinə xidmət etməsi, tarixi irsin mühafizəsi və müasir memarlıq tələblərinin balanslaşdırılması bu siyasətin əsas prioritetlərindəndir.

Qarabağ və Şərqi Zəngəzurda salınan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycan şəhərsalmasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Burada memarlıq yalnız binaların qurulması deyil, insan mərkəzli, təhlükəsiz, ekoloji və funksional yaşayış mühitinin yaradılması anlamına gəlir. 2026-cı ilin bu sahəyə həsr olunması həmin təcrübənin ölkə miqyasında modelə çevrilməsinə imkan yaradacaq.

Bu Sərəncam ölkənin yalnız iqtisadi və sosial tərəqqisini deyil, estetik zövqünü, mədəni yaddaşını və gələcək nəsillər üçün formalaşdırılan yaşayış fəlsəfəsini əhatə edir. Azərbaycan şəhərləri bu ildən sonra təkcə yaşayış məkanı deyil, milli düşüncənin, müasir dövlətçilik baxışının və mədəni özünüdərkin simvolu kimi daha aydın şəkildə görünəcək.

Şəhərsalma və memarlıq dövlətin inkişaf səviyyəsinin, idarəetmə keyfiyyətinin və vətəndaşa münasibətinin göstəricisidir. Prezident İlham Əliyevin 2026-cı ili Şəhərsalma və Memarlıq İli elan etməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının məntiqi davamı, güclü dövlət və inkişaf etmiş cəmiyyət quruculuğunun mühüm mərhələsidir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün keçmişlə gələcək arasında strateji körpü rolunu oynayacaq. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək təşəbbüslər tarixi irsin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər modelinin formalaşmasına xidmət edəcək. Bununla da Azərbaycan şəhərləri yalnız yaşayış məkanı deyil, milli kimliyin, mədəniyyətin və innovasiyanın daşıyıcısı kimi inkişaf yolunu davam etdirəcək.

Seçilən
30
3
veteninfo.az

4Mənbələr