"Təhsilin əhatə dairəsini genişləndirmək bizim missiyamızdır".
Redaktor.az xəbər verir ki, bu fikri Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı söyləyib.
"Fond fəaliyyətə başladığı gündən bu günə qədər artıq respublikamızın bütün şəhər və rayonlarında, ən ucqar bölgələrində Təhsil Tələbə Krediti Fondu vəsaiti hesabına, ödənişsiz əsaslarla təhsilə çıxış imkanları əldə edən tələbələrimiz var".
İdarə Heyətinin sədri vurğulayıb ki, təhsil keyfiyyətinə müsbət təsir göstərmək də məqsədlərimiz sırasındadır:
"Uzunmüddətli və aşağı faizlərlə verilən kreditlərdən, yəni yaxşı şərtlərlə təqdim olunan kreditlərdən istifadə etmək istəyən tələbələrimiz birinci növbədə hər semestr müraciət edə bilmək üçün yaxşı oxumalıdırlar. Burada bir sıra güzəştlər, bağışlanma şərtləri var. Həmin 25-50 faizlik bağışlanmaları əldə etmək üçün tələbələrimiz daha yaxşı oxumağa səy göstərirlər. Nəticə etibarilə Təhsil Tələbə Krediti Fondu təhsilin keyfiyyətinə təsir göstərən amilə çevrilmiş olur. Düşünürəm ki, bu da təhsil keyfiyyətinin stimullaşdırılmasına kömək göstərir".
Aytəkin TOFİQQIZI