BAKI, 25 dekabr. TELEQRAF
Özbəkistan xarici işlər nazirinin müavini Olim Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ər-Riyadda Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini İhab bin Məhəmməd əl-Nəccar ilə konsulluq məsləhətləşmələrinin ilk mərhələsini keçirib.
Teleqraf xəbər verir ki, danışıqlar zamanı vətəndaşların hüquq və maraqlarının qorunması, onların saxlanılması və deportasiyası hallarında qarşılıqlı bildiriş mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Əmək miqrasiyası sahəsində əməkdaşlığın gücləndirilməsi, sənədlərin qarşılıqlı tanınması və apostil sistemi sahələrində təcrübə mübadiləsi, miqrasiya və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması ilə bağlı konkret razılaşmalar da əldə edilib.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanındakı xarici vətəndaşlar üçün nəzərdə tutulan yeni rəqəmsal platformanın Özbəkistanda tətbiqi barədə anlaşma əldə olunub. Bu sistem xarici vətəndaşların Səudiyyə Ərəbistanında qalması zamanı yarana biləcək problemlərin müəyyən edilməsi və effektiv şəkildə həll edilməsinə xidmət edəcək.
Görüşün sonunda konsulluq məsləhətləşmələrinin ikinci mərhələsinin Daşkənddə keçirilməsi razılaşdırılıb.