
Banklarda kredit ödənişlərində gecikməsi olan şəxslərin yenidən kredit götürə bilməsi son illərdə aktual mövzulardan birinə çevrilmişdir. Maliyyə çətinlikləri, gəlir azalması və gözlənilməz xərclər bir çox insanın kredit öhdəliklərini vaxtında yerinə yetirməsinə mane olur. Bu gecikmələr isə gələcəkdə bank xidmətlərindən istifadə imkanlarını məhdudlaşdıra bilir. Bəs, vətəndaşlar hansı halda yenidən kredit götürə bilər?
Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşünas Ramil Süleymanlı bildirib ki, qanunvericiliyə əsasən, şəxsin bank kreditlərinin ödənilməsində gecikmələrin olması onun yenidən kredit almasına tam maneə yaratmır:

"Eyni zamanda vətəndaşlar arasında geniş yayılmış yanlış fikirlərdən biri bankların “qara siyahısı” anlayışının mövcud olmasıdır. Əslində belə bir siyahı yoxdur, sadəcə Mərkəzləşdirilmiş Kredit Reyestrində vətəndaşların əldə etdikləri kreditlər və bu kreditlər üzrə gecikmələrə dair kredit tarixçəsi formalaşır",-deyə o vurğulayıb.
R.Süleymanov qeyd edib ki, vətəndaşlar bu kredit tarixçəsini özləri yaxşılaşdıra bilərlər:
"Bu baxımdan tövsiyə olunur ki, kiçik məbləğli kreditlər götürülərək qısa müddətdə vaxtında bağlansın. Bu, banklar qarşısında müsbət kredit tarixçəsinin formalaşmasına, eləcə də vətəndaşın maliyyə imicinin yaxşılaşmasına şərait yaradar. Nəticədə gələcəkdə daha yüksək məbləğli kredit müraciətlərinə banklar tərəfindən müsbət yanaşılması mümkün ola bilər",- deyə Ramil Süleymanlı əlavə edib.
Seyranə QuliyevaMissiya.Az