AZ

İqor Kşnyakinin qızı: “Söz verdi ki, enişdən sonra danışarıq” – FOTO

“Bu gün mən yalnız qəhrəmanın qızı kimi danışmıram. Həyatım boyu yanımda olan atanın qızı kimi danışıram. Mən onun çoxdan gözlədiyi qızı idim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Qəhrəman İqor Kşnyakinin qızı Natalya Kşnyakina AZƏRTAC-a açıqlamasında deyib.

Qəhrəman pilotun qızı atası ilə bağlı xatirələrini bölüşüb:

“Uşaqlıqdan bizim evdə hamı bilirdi ki, ata göydədir. Bu, həyatımızın adi bir hissəsi idi. Forma, qapı ağzında çamadan, uçuşdan əvvəlki baxışı. O, heç vaxt çox danışmazdı, amma həmişə bir cümlə deyərdi: “Tezliklə qayıdacağam”. Mən buna inanırdım, çünki o, həqiqətən həmişə qayıdırdı.
 

Mənim böyük qardaşım var. O da atam kimi göyü seçdi, onun yolunu davam etdirərək pilot oldu. Hazırda Bakıda yaşamır, lakin ailəsi ilə hər gəlişində ata mütləq onunla vaxt keçirməyə çalışardı. Onlar hər zaman görüşməyə can atırdılar, ata isə nəvələrinə xüsusilə sevinirdi. Bunlar onun üçün ən isti və ən qiymətli anlar idi.


Mən balaca olanda ata məni tez-tez özü ilə göbələk yığmağa aparardı. Mən tapa bilməyəndə, çox narahat olurdum. Xatırlayıram ki, məyus olurdum, o isə sakitcə deyirdi: “Narahat olma, alınacaq”. Bu sözləri ömrüm boyu yadda saxladım. Ata həmişə dəstək olmağı və inam verməyi bacarırdı – həm o vaxt, həm də mən böyüyəndən sonra. O, məni sözlərlə deyil, öz həyatı ilə tərbiyə edirdi. Dürüst olmağı, çətinliklərdən qorxmamağı, gördüyün işə və yaxınlarına görə məsuliyyət daşımağı öyrədirdi. Məşğul olmasına baxmayaraq, mənim üçün hər zaman vaxt tapırdı – danışmağa, dəstək olmağa, sadəcə yanımda olmağa.

Ata ikinci dəfə ailə qurdu, lakin münasibətlərimiz dəyişmədi. Demək olar ki, hər axşam danışırdıq. Bütün vacib qərarları, bütün narahatlıqları həmişə onunla müzakirə edirdim. Bu söhbətlərdən sonra mən həmişə rahatlaşırdım – ata son ana qədər mənim dayağım idi.
 

O, ailə bayramlarını çox sevirdi. Yeni ili birlikdə qarşılamağı planlaşdırırdıq — atam, onun ailəsi və mənim həyat yoldaşım. Bayram süfrəsində nələrin olacağını məmnuniyyətlə müzakirə edirdi. Ümumiyyətlə, ata yemək bişirməyi sevirdi. Məhz o, mənə şah plov bişirməyi öyrədib. İndi hər dəfə onu hazırlayanda atam yadıma düşür.


Faciədən bir gün əvvəl, adəti üzrə axşam ona zəng etdim. O dedi ki, səhər reysi var və söz verdi ki: “Enişdən sonra danışarıq”.

Lakin səhər onun zəngi əvəzinə təyyarənin qəzaya uğraması xəbərini aldım. Əvvəlcə buna sadəcə inana bilmədim. Xəbərləri açdım, həmin görüntüləri gördüm və o an sanki içimdə hər şey dayandı. Onun səsini artıq eşitməyəcəyəm, biz bir daha danışmayacağıq... 25 dekabr - atamın olmadığı gündür. Mənim üçün bu tarix xatirə və matəm günüdür. Bu gün mən təkcə atamı xatırlamaq istəmirəm.

Həmin gün son ana qədər onun yanında ekipaj üzvləri var idi - öz borclarını vicdanla və sona qədər yerinə yetirən insanlar. Mən onların hər biri qarşısında dərin hörmətlə baş əyirəm.

Bu aviaqəzada həlak olan bütün ailələrə səmimi başsağlığı verirəm. Qoy onların hər birinin xatirəsi atamın xatirəsi kimi eyni ehtiramla yaşadılsın.

Bu ilin dekabrın 20-də ekipaj üzvlərinin ailələrinin digər nümayəndələri ilə birlikdə faciənin baş verdiyi yerə — Aktauya uçdum. Bu səfərin təşkilinə kömək etdiklərinə və yanımızda olduqlarına görə Qazaxıstandakı ölkəmizin konsulluğuna, AZAL rəhbərliyinə və əməkdaşlarına minnətdaram. Orada olmaq mənim üçün çox vacib idi.

Faciəyə qarşı göstərilən xüsusi diqqətə görə Prezident İlham Əliyevə ayrıca təşəkkür etmək istəyirəm.

Sonda demək istəyirəm ki, ölkə üçün atam qəhrəmandır.

Həmkarları üçün etibar edilən komandir idi. O, peşəsini sevirdi və onunla yaşayırdı.

Mənim üçün isə o, həmişə ata olaraq qalacaq - ən doğma və ən yaxın insan.

Ata, sən həmişə mənimləsən. Bütün həlak olanlara sonsuz hörmətimi ifadə edirəm. Allah rəhmət eləsin!”

Xatırladaq ki, ötən ilin dekabrın 25-də AZAL aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin və 5 ekipaj üzvü) olmuş, onlardan 29-u, o cümlədən iki ekipaj üzvü sağ qalıb.

Həlak olanlar arasında hava gəmisinin komandiri, Azərbaycanın Milli Qəhrəmanı İqor İvanoviç Kşnyakin də olub.

Bizim.Media

Seçilən
18
3
bizim.media

4Mənbələr