AZ

Böyük Qayıdışın yeni mərhələsi: “Bütün uğurlarda dövlət başçısının imzası var”

Xəbər verdiyimiz kimi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində inşa olunan 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər. 

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, dövlət başçısı və birinci xanım sakinlərlə görüşüb, onlara mənzillərin simvolik açarlarını təqdim ediblər. 

Qeyd olunub ki, bu gündən etibarən yeni mənzil sahiblərinin əşyaları karvanla Ağdam şəhərinə köçürüləcək. 

“Cebheinfo.az”-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ağdam şəhərinin Qarabağ bölgəsində xüsusi yeri var. O qeyd edib ki, qədim tarixə və zəngin mədəniyyətə sahib olan bu şəhər hər zaman Qarabağın iqtisadi mərkəzlərindən biri, mədəniyyət ocağı olmaqla yanaşı, dövlətçiliyə sadiq insanları ilə seçilib:

"Ağdama qayıdışı təkcə ağdamlılar deyil, bütün Azərbaycan xalqı uzun illərdir böyük səbirsizliklə gözləyirdi. 

Cənab Prezident İlham Əliyevin diqqəti və xüsusi qayğısı sayəsində Ağdam şəhəri tamamilə yenidən qurulub. İşğaldan azad edildikdən sonra şəhərin erməni işğalçıları tərəfindən tamamilə yerlə-yeksan edildiyi aydın şəkildə görüldü. Bununla belə, hazırlanan yeni şəhərsalma layihəsi Ağdamın tarixi köklərini qorumaqla yanaşı, müasirliyi özündə əks etdirən möhtəşəm bir şəhər kimi yenidən inşa ediləcəyini nümayiş etdirdi". 

Aydın Mirzəzadə vurğulayıb ki, əldə olunan uğurlarımızın hər birində dövlət başçısının siyasi iradəsi və imzasının olduğunu bir daha təsdiqlənir: 

"İlk yaşayış kompleksinin açılışı və yerli sakinlərin mərhələli şəkildə geri qayıtması bir daha göstərir ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxmağı bacarır. 

Xalqımız qurucu xalqdır və işğaldan azad olunmuş bütün ərazilərdə dövlət tərəfindən sakinlər üçün əlverişli yaşayış şəraiti, eyni zamanda yeni iş yerləri yaradılır. Prezidentin Ağdama səfəri çərçivəsində bir sıra sənaye müəssisələrinin də açılışı həyata keçirilib, Qarabağ Universitetinin yeni korpusunun açılış lenti kəsilib. Bununla da bütün Azərbaycan Qarabağa Qayıdışın yeni və mühüm mərhələsinin şahidi olub". 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr