“Mətbuatda bir xəbər gördüm ki, Azərbaycandan alınan premium markalı benzin 430 dramdan satılacaq, bizdə isə hazırda onun qiyməti 500-520 dramdır. Bu o deməkdir ki, daha aşağı qiymətə satılacaq. Bu, yaxşı haldır”.
Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün “Facebook” səhifəsində yazıb. Bakının sülhməramlı, kommunikasiyaların açılmasına, əməkdaşlığa yönəlik humanist addımını reallığı qəbul edən və ona praqmatik siyasətçi kimi yanaşan erməni nazirin əhaliyə müraciəti də diqqət çəkir: “Sosial şəbəkədə bəzi vətəndaşların bu benzini almaq fikrində olmadığını bildirən yazılara da rast gəldim. Hörmətli vətəndaşlar, siz azadsınız. Bizim də məqsədimiz odur ki, siz azad olasınız, istədiyiniz benzini alasınız”.
Papoyanın Bakının bu jestini ağıllı və müsbət şərh etməsi təqdirolunası haldır. Onun hökumətin daşnakizm və revanşizm kimi mərəzlərdən hələ də qurtula bilməyən soydaşlarına seçim şansı verdiyi barədə dedikləri də maraq doğurur: “Dövlətin işi sizə müxtəlif və geniş seçim, fasiləsiz marşrutlar təqdim etməkdir ki, benzin və digər mallar həmişə mövcud olsun. Həm də hər şey yüksəkkeyfiyyətli olsun, həcmdə aldatma olmasın. Bu, dövlətin məsuliyyətidir, qalan hər şey sizin ixtiyarınızdadır”.
Deməli, Paşinyan komandasında Azərbaycanla sülhün və əməkdaşlığın alternativinin olmadığını qəbul edən və bunu açıq şəkildə xalqa bildirən çinovniklər az deyil. Bu da müsbət tendensiyadır.
Amma təəssüf ki, Hayastan cəmiyyətində bu qarşısıalınmaz prosesi tam dərk etməyən, yaxud anlamaq istəməyən kəsim də var. Belələri ölkə parlamentində də özlərinə yer ediblər. Mövcud hakimiyyətə radikal müxalif düşərgənin təmsilçisi sayılan “Ermənistan” fraksiyası nə yolla olursa-olsun, sülhə və tərəqqiyə mane olmağa çalışır, Paşinyanın ictimai imicini ləkələmək üçün min cür oyundan çıxırlar.
Milli Assambleyadakı həmin daşnak və ekslərin toplaşdığı fraksiyanın üzvləri İsveç, Hollandiya və Belçikanın Ermənistandakı səfirləri ilə görüşüblər. Onların avropalı elçilərin qarşısında qaldırdıqları məsələ Bakıda “qanunsuz saxlanılan erməni əsirlərin” qaytarılması olub. “Ermənistan” fraksiyasının rəhbəri, zatına çoxdan bələd olduğumuz, barəsində məhkəmə araşdırması gedən Seyran Ohanyan, deputatlar Anna Qriqoryan, Artur Xaçatryan, Armen Gevorqyan və Kristin Vardanyan İsveçin Ermənistandakı səfiri Eva Sundqvist, Niderlandın səfiri Marieke Monroy-Vinter və Belçikanın səfiri Ambarik Dey Mumbarike görüşdə əvvəlcə Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı fikirlərini təqdim ediblər.
Yəni xarici ölkələrin diplomatik nümayəndələrinə rəsmi şəkildə “işverənlik” ediblər. İntəhası, bu zaman onlar “qiymətli informasiyanın” əvəzinə Ermənistanın məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsində Aİ-nin yardımının vacibliyini vurğulayıblar. Aydın məsələdir ki, məqsədləri Brüssel və Strasburqdan “məsləkdaşlarını” – daşnak, revanşist, dövlətə və orduya vurduları zərərləri, korrupsiya əməlləri sübuta yetirilmiş və hazırda İrəvanın həbsxanalarında cəzalarını çəkən anti-Paşinyan klanının üzvlərinin azadlığa çıxmalarına yardım ummaqdır.
“Ermənistan”çılar bununla da kifayətlənməyib, Azərbaycanla sülhün təminatını, Bakıda məhkəmələri davam edən, saxlanılan şəxslərin qaytarılması və Qarabağda erməni mədəni irsinin məhv edilməsi məsələlərini qaldırıblar. Fraksiya üzvləri avropalı diplomatlara Ermənistanda demokratiyanın geriləməsindən ciddi narahat olduqlarını da dilə gətiriblər.
Necə deyərlər, hay parlamentarilər Avropa ölkələrinin İrəvandakı səfirlərinin qarşısında “açıblar sandığı, töküblər pambığı”. Bu üsulu Paşinyanı quyunun dibinə sallamağa çalışanlar ağıllarının ucundan belə keçirməyiblər ki, vaxtilə onların mindiyi qatar çoxdan gözdən itib, geriyə qayıtmaq ehtimalı da yoxdur. Onlar təkcə keçmişə üz tutmuş qatarın sərnişinləri deyil, həm də Bakının sayəsində zamanın gətirdiyi yeni reallıqdan xəbərsiz kəslərdir.
Belələrini müasir texnologiyanı qəbul etməyib, nöyütü quyudan köhnə “dartay” üsulu ilə çıxarmağa çalışan gerizəkalılar adlandırmaq olar. İndi quyuya nə qədər su töksələr də, ordan heç nə çıxmayacaq.
İ.HƏSƏNQALA
XQ