AZ

Mətbuat xidmətləri NECƏ İŞLƏYİR?- Jurnalistlər adları AÇIQLADI

Medianın operativ fəaliyyəti birbaşa dövlət qurumlarının mətbuat xidmətləri ilə qurulan kommunikasiya səviyyəsindən asılıdır. Dezinformasiyanın sürətlə yayıldığı, ictimaiyyətin isə dəqiq və etibarlı informasiyaya ehtiyacının artdığı bir dövrdə mətbuat xidmətlərinin çevikliyi və açıqlığı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Editor.az jurnalistlər arasında sorğu keçirərək, dövlət və ictimai qurumların mətbuat xidmətlərinin operativliyi, əlçatanlığı və media ilə əməkdaşlıq səviyyəsi ilə bağlı fikirləri öyrənib.

Oxu.az-ın müxbiri Samir Əli bildirib ki, jurnalistlərin sorğularını ən operativ cavablandıran qurumlardan biri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev və onun komandasıdır:

“Bu komanda 24 saat ərzində sorğuları cavablandırır. Bakı və Bakıətrafı ərazilərlə yanaşı, bölgələrdə yaradılan regional qruplar da olduqca operativ fəaliyyət göstərir. Baş Prokurorluğun Mətbuat Xidməti də sorğulara vaxtında cavab verən qurumlardandır. TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsi də sorğuları vaxtında cavablandırır. Bu qurumun şöbə müdiri Elnur Hidayətoğlu, şöbənin əməkdaşları Kənan, Kamil, Hicranəni xüsusi vurğulamaq istəyirəm. “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev də sorğulara vaxtında cavab verən dostlarımızdandır. “Azərbaycan Dəmir Yolları”nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev, Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu və qurumun əməkdaşı Pərvanə xanım, Ali Məhkəmənin mətbuat xidmətinin baş mütəxəssisi Etibar Məmmədov, Vəkillər Kollegiyasının mətbuat katibi İsmayıl Nəsibli, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşları, Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Kəmalə Quliyeva, KTV-nin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat katibi Səfayə Əhmədova, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşları Elvin Hacıyev və Nigar Adil, ASAN Xidmətin əməkdaşı Elnur Niftəliyev göndərdiyimiz bütün sorğuları vaxtında və operativ cavablandırır”.

Crossmedia.az analitik-informasiya portalının redaktoru Kənan Novruzov isə bildirib ki, istənilən qurumun ictimaiyyətlə əlaqələr departamentinin bir neçə funksiyası var:

“Bunlara təmsil etdikləri təşkilatın fəaliyyətinin şəffaf şəkildə ictimaiyyətə çatdırılması, cəmiyyətlə kommunikasiyanın qurulması, böhranlı vəziyyətlərlə bağlı operativ açıqlamaların verilməsi və sair daxildir. Fərqli qurumların mətbuat xidmətlərinin rəhbərləri ilə biz həmkarıq. Sadəcə bəzən ziddiyyət yaranır. Səbəb isə media subyektində çalışan jurnalistin sensasiya axtarması, mətbuat xidməti rəhbərinin isə təmsil etdiyi qurumun reputasiyasını düşünməsidir. Yəni prioritetlər fərqlidir. Mən mətbuat xidmətlərinin rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən empati qurmağın və dünyada qəbul olunmuş peşəkarlıq standartlarından çıxış etməyin tərəfdarıyam. Mənə görə mətbuat xidməti rəhbəri o zaman peşəkardır ki, böhranlı vəziyyətləri fürsətə çevirsin, cəmiyyət, media və təmsil etdiyi təşkilat arasında balansı qorusun. Əslində mətbuat xidməti rəhbərləri media subyektlərində çalışan həmkarları ilə dost olmağa çalışmalıdırlar ki, onlardan xahiş də edə bilsinlər. Nəzərə almaq lazımdır ki, cəmiyyət həmişə informasiyaya “acdır”. İctimai rəydəki boşluq səhih və dəqiq informasiya ilə doldurulmalıdır ki, saxta xəbərlərə yer qalmasın. Əks halda həmin “vakumu” dezinformasiya, eləcə də konkret qurum barədə şər və böhtan dolduracaq. İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri öz fəaliyyətində bunları nəzərə almalıdır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazovun, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun, həmçinin Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və TƏBİB-dəki həmkarlarımızın işlərinin öhdəsindən layiqincə gəldiklərini deyə bilərəm”.

Jurnalist Turan Rzayev isə Editor.az-a bildirib ki, hazırda mediada ən önəmli meyarlardan biri operativlik və çeviklikdir:

“Xüsusilə dezinformasiyalara qarşı mübarizənin sürətləndiyi, medianın isə getdikcə daha peşəkar hala gəldiyi bir dövrdə qurumlarla təmasların güclü olması son dərəcə vacibdir. Daha dəqiq və operativ informasiya əldə etmək üçün dövlət qurumlarının media ilə açıq və aktiv əlaqədə olması, sorğulara mümkün qədər qısa zamanda cavab verməsi həyati əhəmiyyət daşıyır. Bu məqamda isə təbii olaraq mətbuat xidmətlərinin fəaliyyəti ön plana çıxır. Təəssüf ki, ölkədə hər bir qurumun mətbuat xidməti arzu olunan səviyyədə operativ fəaliyyət göstərmir. Bunun müxtəlif səbəbləri var. Lakin media üçün əsas prioritet xəbərin dəqiqliyidir və bu dəqiqliyin təmin olunması məsul qurumların mövqeyi və cavabı olmadan mümkün deyil.

Bununla yanaşı, ölkədə kifayət qədər operativ və effektiv çalışan mətbuat xidmətləri də mövcuddur. Mənim fikrimcə, hazırda ən aktiv və çevik fəaliyyət göstərən qurumlardan biri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti və onun rəisi Elşad Hacıyevdir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə də jurnalistlərin operativ və dolğun informasiya əldə etməsi baxımından effektiv fəaliyyət göstərir.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd də olduqca aktiv və operativ fəaliyyəti ilə seçilir. Günün istənilən saatında onunla əlaqə qurmaq mümkündür ki, bu da peşəkarlığın göstəricisidir.

Güclü və etibarlı medianın formalaşması üçün dövlət qurumlarının operativ cavab verməsi, mətbuata açıq və şəffaf olması son dərəcə vacibdir”.

Globalinfo.az-ın sosial müxbiri Zaira Akifqızı bildirib ki, jurnalistlərin sorğusuna ən operativ cavab verən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir:

“Buna görə İradə İbrahimovanı xüsusi qeyd edə bilərik. Eyni zamanda, TƏBİB-in əməkdaşlarının da çevikliyini vurğulamamaq düzgün olmaz. Onlara 7/24 zəng etmək mümkündür. Lakin FHN-dən Gülçin Mehdiyeva zənglərə cavab vermir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
70
editor.az

1Mənbələr