Yeni nəsil müstəqilliyimizin sahibi kimi yetkinləşir
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkə başçısının müstəqil dövlətimizin daha xoş gələcəyi üçün böyük əhəmiyyət kəsb edən fərman və sərəncamları, gənclərə inam və etibarı, diqqət və qayğısı onların qarşısına mühüm vəzifələr qoyur. Müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkənin uzunmüddətli inkişaf strategiyasının davamlılığı məhz gənc nəslin intellektual, fiziki və vətəndaşlıq baxımından formalaşmasından asılıdır.
Ulu öndər Heydər Əliyev irsinə sadiq, azad və elmi düşünə bilən, vətənin, millətin mənafeyini hər şeydən üstün tutan Azərbaycan gənci istər elm, təhsil, istərsə də idman sahəsində üçrəngli bayrağımızı dünyanın hər yerində qürurla dalğalandırır, Vətənimizi azad, suveren bir dövlət kimi dünya miqyasında fəxrlə təmsil edir. Gənclərimiz Prezident İlham Əliyevin etimadını doğruldub daha böyük uğurlara imza atmaq üçün dövlət başçısının məqsədyönlü siyasətini dəstəkləyirlər.
Bu həqiqəti həyatın müxtəlif sahələrində önəmli nailiyyətlər qazanmış istedadlı və çalışqan gənclərimizin uğur hekayələri bir daha təsdiqləyir.
Hacı ƏLİYEV, güləş üzrə üçqat Dünya və dördqat Avropa çempionu:
– Azərbaycan idmançısı kimi böyük fəxrlə qeyd edirəm ki, son illərdə qazandığımız möhtəşəm zəfərlər hörmətli Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin, xalqımıza inam aşılayan qüdrətinin və etimadının nəticəsidir.
2014-cü ildə Avropada, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə keçirilən Dünya çempionatlarının qalibi olmuşam. XXXI Yay Olimpiya Oyunlarının bürünc və 3 dəfə Dünya Çempionatının qızıl medalını qazanmışam. 2017-ci ildə Paris şəhərində keçirilən Dünya Çempionatının qalibiyəm. 2015-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilmişəm. Eləcə də 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin ən yaxşıları” mükafatına layiq görülmüşəm.
Bayrağımızı yüksəklərə qaldırmaq mənim üçün ən gözəl hissdir. Sərbəst güləş üzrə ikiqat Dünya çempionu olanda da sevincimin həddi-hüdudu yox idi. Çalışdım, əziyyət çəkdim və 3-cü dəfə bu sevinci yaşadım. Alın təri, zəhmətlə irəlilədiyim bu yolda Prezident İlham Əliyevin böyük dəstəyi olmasaydı, saysız qələbələr heç vaxt mümkün olmazdı. Bu dəstək biz idmançılara motivasiya verir, hər yarışa, sınağa yeni ümidlərlə, inamla çıxmağı öyrədir.
Bəzi ölkələrdə idmana diqqət formal xarakter daşıyır, idmançılar yalnız klubların imkanları, sponsor dəstəyi, şəxsi səyləri ilə inkişaf etməyə çalışırlar. Qələbə də fərdi zəhmət və şəxsi mübarizə ilə qazanılır. Hətta idmançılar böyük nəticələr əldə etsələr belə, onların uğuru ictimaiyyət və dövlət tərəfindən layiqincə qiymətləndirilmir. Xüsusilə gənclər bu vəziyyətə görə öz potensiallarını tam reallaşdıra bilmirlər.
Bunun əksinə olaraq, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Burada idmançının uğuru dövlətin məqsədyönlü siyasəti, infrastruktur və təlim imkanları ilə tamamlanır. Məktəblərdə idmana xüsusilə önəm verilir, peşəkar klublar və federasiyalar gənc istedadların aşkar olunması və inkişaf etdirilməsi üçün proqramlar həyata keçirir. Stadionlar, idman kompleksləri və məşq bazaları genişləndirilib, müasir avadanlıqlarla təchiz olunub ki, bu da idmançıların öz potensialını tam reallaşdırmasına şərait yaradır.
Beynəlxalq yarışlarda idmançıların iştirakı təmin edilir, onların hazırlığı maliyyələşdirilir. Məhz bu yanaşma sayəsində idmançı yalnız şəxsi istedadına güvənmir, eyni zamanda, dövlətin, məşqçilərin və ictimaiyyətin dəstəyi ilə yüksək nəticələr qazanır. Dövlət başçısının gənclərə və idmançılara olan qayğısı hər addımda hiss olunur. Prezident İlham Əliyev nailiyyətlərimizi izləyir, qiymətləndirir və hətta şəxsən təqdir edir. Bunun nəticəsidir ki, Azərbaycan idmançısı beynəlxalq arenalarda çıxış edir, ölkəmizi layiqincə təmsil edir və hər uğuru ilə xalqımızı qürurlandırır.
Günay İMANZADƏ, “İlin İKT sahibkarı” nominasiyasının qalibi:
– “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Ulu öndər Heydər Əliyevin bu dəyərli fikirlərini həyatımın ayrılmaz hissəsinə çevirərək, sözün əsl mənasında, uğurlu Azərbaycan gənci adına layiq olmağa çalışıram. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin SABAH qruplarında kimya ixtisası üzrə ingilis bölməsində bakalavr təhsilimi uğurla başa vurmuşam, magistr təhsilimi isə İsveçrənin Federal Texnologiya Universitetində almışam.
2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən “İlin İKT sahibkarı” nominasiyasının qalibi, eyni zamanda, “Enthouse” layihəsinin həmmüəllifiyəm. “Teknofest” Türkiyə yarışmasında bu layihəmiz böyük maraqla qarşılanıb. Nəticədə bir neçə sürətləndirmə proqramı çərçivəsində Türkiyə bazarına çıxış üçün təkliflər almışıq.
“Teknofest” Azərbaycan yarışmasında isə C kateqoriyası üzrə birinci yerə layiq görülmüşük. Bu uğurumuza görə Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Nobel” mükafatı laureatı Əziz Səncər tərəfindən medalla təltif olunmaq mənim üçün böyük qürur idi.
Hazırda təsisçisi olduğum “Metatesk” startapı “ABB Startup Hackathon”un qalibi olub, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasında finalçı seçilib. Eyni zamanda startap “Microsoft for Startups” proqramının üzvü, “Google for Startups” akselerasiya proqramının iştirakçısıdır. Təhsil sahəsində “Roblox” şirkəti ilə də əməkdaşlıq edirik.
2018-ci ildə İsveçrənin Federal Texnologiya Universitetində, daha sonra Çində beynəlxalq məktəbdə elm istiqaməti üzrə tədris fəaliyyəti ilə məşğul olmuşam. “Enthouse” layihəsi balıq və bitkilərin eyni anda hava, su və torpaqdan asılı olmayaraq istehsalına imkan yaradan innovativ sistemdir. Bu sistem təkcə istehsalı deyil, eyni zamanda, bütün proseslərin ağıllı idarə olunmasını və məlumatların təhlükəsizliyini təmin edir.
Bu gün əldə etdiyim uğurlara görə, ilk növbədə, ailəmə, dövlətimizə, müəllimlərimə və birlikdə çalışdığım komandaya borcluyam. Daim öz üzərimdə işləmək, yeni biliklər qazanmaq və mümkün olmayan məqamlarda belə alternativ çıxış yolları axtarmaq mənə əlavə güc və inam verib.
Ölkəmizdə gənclər üçün yaradılan geniş imkanlar – innovasiya və sahibkarlığın təşviqi, müxtəlif dəstək mexanizmləri, müsabiqələr, beynəlxalq proqramlara çıxış və formalaşan innovativ ekosistem biz gənclərin ideyalarının reallaşdırmasına şərait yaradır. Bu imkanları həm böyük motivasiya, həm də ciddi məsuliyyət kimi dəyərləndirirəm: verilən fürsətləri real nəticələrə çevirmək və onları ölkəmizə fayda olaraq geri qaytarmaq.
Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülmək mənim üçün böyük şərəf və qürur, eyni zamanda, məsuliyyətdir. Bu etimad gənclərə göstərilən yüksək diqqətin və təşəbbüskarlığa verilən dəstəyin bariz nümunəsidir. Bu gün komandamla birlikdə süni intellekt əsaslı təhsil həlləri üzərində çalışır, öyrənmə prosesini daha fərdiləşdirilmiş, praktik və cəlbedici edən alətlər formalaşdırırıq.
Böyük qürur hissidir ki, gənclərdən ibarət innovativ komanda olaraq həyata keçirdiyimiz layihələr ölkəmizin strateji hədəfləri ilə üst-üstə düşür və biz innovasiya, rəqəmsallaşma və süni intellekt istiqamətində müəyyənləşdirilmiş məqsədlərə töhfə veririk. Dövlət başçısının da vurğuladığı kimi, yeni inkişaf mərhələsinin əsas çağırışları sırasında süni intellekt texnologiyalarının geniş tətbiqi, rəqəmsallaşma və insan kapitalının inkişafı xüsusi yer tutur. Biz gənclər də bu xətti həm öyrənir, həm də fəal şəkildə dəstəkləməyə çalışırıq. Arzu edirəm ki, startapımızın tətbiqi dövlət məktəblərinə qədər genişlənsin.
Bu baxımdan, arzularımızın ən həssas və ən mənalı istiqaməti Qarabağ bölgəsidir. Qarabağda bu ideyanı həyata keçirmək bizim üçün ikiqat məna daşıyır, çünki təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək, “ağıllı” konsepsiya əsasında inkişaf edən yeni iqtisadi və sosial ekosistemdə innovativ düşüncə tərzini məhz məktəbdən formalaşdırmaq əsas hədəflərimiz sırasındadır.
Şövkət FIKRƏTQIZI, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının fəxri məzunu:
– Mən AzMİU-da kino rejissoru ixtisası üzrə həm bakalavr, həm də magistr təhsili almışam. Hazırda Azərbaycan Televiziyasının xüsusi layihələr studiyasında direktor müavini və rejissor kimi fəaliyyət göstərirəm. Eyni zamanda, oxuduğum universitetdə SABAH qruplarında müəllimlik fəaliyyəti ilə məşğulam. Müxtəlif film və televiziya layihələrinin quruluşçu rejissoru olmuşam. Çəkdiyim filmlər ölkəmizdə və xaricdə keçirilən festivallarda nümayiş etdirilib, müxtəlif mükafatlara layiq görülüb.
Yaradıcılıq mənim üçün həyat tərzidir. Hobbi olaraq musiqi ilə də maraqlanıram, gitara və pianoda ifa edir, mahnılar bəstələyirəm, həm yaradıcı, həm də pedaqoji fəaliyyəti paralel şəkildə davam etdirmək mənə xüsusi zövq verir və daim öz üzərimdə işləməyə stimul yaradır. Uğur qazanmağın ilk və ən vacib şərti özünə inanmaqdır. Qarşıya qoyulan hədəflərə doğru ardıcıl şəkildə irəliləmək vacibdir, lakin bu yol təkcə istəkdən ibarət deyil.
Əzmlə öyrənmək, öz üzərinizdə işləmək, bilik və bacarıqları davamlı şəkildə inkişaf etdirmək, yeni sahələrdə təcrübə qazanmaq və kreativ düşünmək və insanlarla sağlam münasibətlər qurmaq uğurun ayrılmaz hissəsidir. Çətinliklərlə qarşılaşanda ruhdan düşməmək, hər maneəni təcrübə və dərs kimi qəbul etmək lazımdır. Çünki çəkilən zəhmət və göstərilən səy gec-tez bəhrəsini verir.
Bu il ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər üçün Prezident mükafatı”na layiq görülməyim mənim üçün böyük şərəf və qürurdur. Eyni zamanda, bu mükafat üzərimə daha böyük məsuliyyət qoyur. Mənə göstərilən bu etimadı hər zaman doğrultmağa, gələcək fəaliyyətimdə daha böyük uğurlara imza atmağa çalışıram. Bu mükafat mənim üçün güclü motivasiyadır və yeni yaradıcılıq hədəflərinə doğru irəliləməyə ruhlandırır.
Prezident İlham Əliyevin uğurlu gənclər siyasəti bizim üçün müxtəlif imkanların yaradılması, təhsil və mədəniyyət sahəsində innovativ yanaşmaların tətbiqi, həmçinin müxtəlif sahələrdə liderlik etməyimiz, sosial və peşəkar inkişafımızda mühüm rol oynayır. Hər birimiz dövlətin dəstəyi ilə daha fəal, yaradıcı və müstəqil vətəndaşlar kimi yetişir və müstəqil dövlətimizin inkişafına layiqli töhfələr verməyə çalışırıq.
Dövlət başçımızın etimadını doğrultmaq üçün sənət yolunda irəliləməyi, müxtəlif janr və formatlarda yeni layihələrə imza atmağı, yaradıcılıq fəaliyyətimi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda daha geniş şəkildə inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Hesab edirəm ki, davamlı axtarış, yeniliklərə açıq olmaq və peşəkar səviyyədə məsuliyyət daşımaq sənətdə irəliləyişin əsas şərtləridir.
Gənc rejissorların inkişafı üçün müasir tədris metodlarının tətbiqi, yaradıcı düşüncəni stimullaşdıran yanaşmaların formalaşdırılması və nəzəri biliklə bərabər, real praktiki təcrübə qazanmaq imkanların artırılması əsas hədəflərim sırasındadır.
Mircavid AĞALAROV, Prezident mükafatçısı:
– Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, intellektual, yaradıcı və peşəkar potensialının üzə çıxarılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətin mühüm tərkib hissələrindən biri də gənclər üçün Prezident mükafatlarının təsis olunmasıdır. Prezidentin Sərəncamı ilə təqdim olunan bu mükafatlar gənclərə göstərilən diqqət və etimadın bariz göstəricisidir.
Məni bu uğurlara aparan yol Bakı Dövlət Universitetindən başlayıb. Belə ki, 2016-cı ildə orta məktəbi bitirdikdən sonra bu ali təhsil ocağının tarix fakültəsinə qəbul olmuşam, ingilis dilli proqramı bakalavr səviyyəsində başa vurmuşam.
2017–2018-ci illərdə ABŞ və Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə həyata keçirilən “Archaeological Exploration of Barda” layihəsi çərçivəsində Bərdə şəhərinin arxeoloji tədqiqatlarında iştirak etmişəm. Bu layihə Oksford Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı tərəfindən reallaşdırıldı. 2020-ci ilin fevral ayında Böyük Britaniyanın Oksford şəhərində həmin arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirildi.
Bu günə qədər 5-dən artıq beynəlxalq elmi və tədqiqat, 10-dan çox arxeoloji tədqiqat layihəsində iştirak etmişəm. Bu layihələr Azərbaycanın müxtəlif bölgələrini – Ağcabədi, Bərdə, Şəmkir, Şəki, Ağdam və Zəngilan ərazilərini əhatə edir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə aparılan arxeoloji tədqiqatlarda iştirakım mənim üçün böyük mənəvi əhəmiyyət kəsb edir.
Bütün bu uğurlarda Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü gənclər siyasətinin mühüm rolu var. Son illər ölkəmizdə gənclər üçün geniş imkanlar yaradılır, təhsil proqramları, beynəlxalq layihələr, innovativ təşəbbüslər, elmi və yaradıcı fəaliyyətimizə dəstək verilir.
Prezident mükafatı bizi əldə etdiklərimizlə kifayətlənməməyə, daha böyük hədəflər qoymağa və fəaliyyətimizi cəmiyyət və dövlət üçün faydalı istiqamətdə davam etdirməyə sövq edir. Bu etimad bizdən daha çox çalışmağı, bilik və bacarıqlarımızı daim artırmağı, ölkəmizin inkişafına real töhfələr verməyi tələb edir.
Biz gənclər olaraq bu siyasəti hər zaman dəstəkləyir, cənab Prezidentin bizə olan inamını doğrultmağa çalışırıq. Əsas məqsədimiz əldə etdiyimiz imkanları real nəticələrə çevirmək, Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil etmək və dövlətimizin inkişaf strategiyasına töhfə verməkdir.
Səma MUĞANNA, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü:
– "İstiqlal" ordenli Xalq yazıçısı İsa Hüseynovun nəvəsi və sənət yolunun davamçısı kimi yeniyetməlik yaşlarımdan daim yazır, özümü inkişaf etdirmək üçün böyük səy göstərirəm. Bu günədək 5 kitabım, bir çox hekayələrim, povestlərim və iki romanım işıq üzü görüb. 2012-ci ildən başlanan bu yolda müasir Azərbaycanın qəhrəmanlıq salnaməsini yaradan lider, Prezident İlham Əliyevin biz gəncləri daim diqqət mərkəzində saxlaması və xüsusi qayğısı sözlərə sığmayacaq qədər əvəzsizdir.
Bəzən duyğular insanın daxili dünyasında elə lal olur ki, boğula-boğula kiçik bir kəlmə belə söyləməyə əziyyət çəkirsən. Yadımdadır, birinci kitabım – “Mələk Səmanın sevdalı dünyası” çap olunanda 2020-ci il idi, 14 yaşım tamam olmuşdu. 14 yaşlı bir qızcığazın qələmi nə yazacaq? - deyə düşünənlər, sözsüz ki, var idi, amma mən bu sözlərə məhəl qoymayıb qələmimi sənət sevgisi ilə sınamışdım.
16 yaşında Yazıçılar Birliyinə üzv seçilməyim, 17 yaşında isə Prezident təqaüdünə layiq görülməyim, sözsüz ki, mənim üçün böyük şans idi. Bu etimad, göstərilən diqqət gələcək yolumda böyük məsuliyyətin başlanğıcı oldu. Bu ağır, lakin mənə qürur hissi yaşadan yükü çiyinlərimdə fəxrlə daşıyıram. Bu il sentyabr ayının 26-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarımın təqdimatı keçirildi.
Əminliklə deyirəm ki, bu günədək qazandığım uğurlarda dövlətin dəstəyi ölçüyəgəlməz önəm daşıyır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıram. Yazılarım qəzet və jurnallarda, eləcə də qardaş ölkə Türkiyənin müxtəlif nəşrlərində dərc olunur.
Dövlət başçımızın biz gənclərə inamı, fəaliyyətimizə verdiyi qiymət hər birimizi ruhlandırır, yaradıcılığımızı irəli aparır. Mənim hekayəm bunun əyani sübutudur. Dövlətimizin gənclərə qayğısı uğurlu gələcəyin, böyük qələbələrin zəminidir.
Səhifəni hazırladılar:
Mehparə ƏLİYEVA,
Ləman TƏHMƏZ,
Fidan ƏLİYEVA
XQ