Təhsil Tələbə Krediti Fondunda sosial təhsil tələbə kreditlərindən imtina hallarının səbəbləri açıqlanıb. Bu barədə Fondun rəhbəri Bəhruz Əzimov məlumat verib.
Onun sözlərinə görə, sosial kreditlər üzrə imtinalar əsasən elektron sistem vasitəsilə aparılan yoxlamaların nəticələri ilə bağlıdır.
“Elektron sistem müraciət edən şəxslərin qanunvericiliklə müəyyən edilmiş sosial statuslara uyğunluğunu yoxlayır. Əgər bu statuslar təsdiqlənməzsə, həmin şəxs sosial kredit üzrə uyğun hesab edilmir və imtina cavabı verilir”, – Əzimov bildirib.
Fond rəhbəri qeyd edib ki, standart təhsil tələbə kreditləri isə tamamilə fərqli meyarlar əsasında müəyyən olunur.
“Standart kreditlərdə əsas meyar tələbənin akademik göstəriciləridir. Əgər tələbə zəif nəticə göstərirsə, bu halda sistem tərəfindən imtina cavabı formalaşdırılır”, – o əlavə edib.
Bəhruz Əzimov vurğulayıb ki, kreditlərin verilməsi prosesi avtomatlaşdırılıb və qərarlar şəffaf, obyektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilir.
Gülnar Nazimqızı