Bakı, 25 dekabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) olaraq 2026-cı ildə qarşıda duran əsas vəzifələrimizdən biri C6 ölkələri, eləcə də Avropa İttifaqına üzv dövlətlərin beyin mərkəzləri ilə birgə forumların təşkili olacaq.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O qeyd edib ki, cari ildə qardaş Türkiyə, Türk Dövlətləri Təşkilatı (TDT), AQEM üzv ölkələri və ABŞ-dan olan beyin mərkəzlərinin iştirakı ilə forumlar keçirilib. “Oxşar təcrübəni Avropa İttifaqına üzv dövlətlərin və C6 ölkələrinin beyin mərkəzləri ilə də təşkil etməyi planlaşdırırıq. Çünki artıq 2025-ci ildə keçirilən forumların praktiki nəticələrini müşahidə edirik. Tərəfdaşlarımız tərəfindən dərc olunan məqalələrdə və verilən müsahibələrdə erməni lobbi qrupları və ayrı-ayrı siyasi dairələr tərəfindən məqsədyönlü şəkildə yayılan narrativlərin təsirini itirdiyi, Azərbaycanın yanaşmalarının isə obyektiv və düzgün şəkildə ifadə olunduğu açıq görünür”, - deyə Fərid Şəfiyev vurğulayıb.
Beyin mərkəzi olaraq ölkəmizə qarşı yayılan məqsədli dezinformasiyalara qarşı da fəal mübarizə apardıqlarını deyən BMTM-nin sədri əlavə edib: “Konkret mənbələrdə mövcud olan faktoloji qeyri-dəqiqlikləri müəyyən edir və onlara cavab olaraq izahedici sənədlər (clarification documents) dərc edirik. Sonuncu belə hal Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu – “Klinqendal” tərəfindən dərc olunmuş "Ermənistan və Azərbaycan: Sülh, yoxsa fasilə?" sərlövhəli siyasi icmalla bağlı yaşanıb. Ətraflı təhlil nəticəsində müəyyənləşdirdik ki, sənəddə yer alan bəzi ifadələr faktiki qeyri-dəqiqliyə, hüquqi cəhətdən yanlış interpretasiyalara və ciddi analitik boşluqlara yol açır. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin dinamikasına dair yanlış təsəvvürlərin formalaşması riskini artırır. Ümumiyyətlə, belə halların yaşanmaması üçün tədqiqat institutları arasında peşəkar dialoq kanalları daim açıq olmalıdır. İnanırıq ki, dəqiqlik və qarşılıqlı hörmətə əsaslanan birgə səylər davamlı sülhün əsas təminatlarından biridir”.