AZ

Boltun qiymət “oyunu”: Daimi müştərilər narazıdır

Azərbaycanda fəaliyyət göstərən iri taksi şirkətlərindən biri olan Bolt sərnişinlər arasında narazılıq doğuran qiymət siyasəti ilə gündəmə gəlib. İddialara görə, şirkət yeni müştəriləri cəlb etmək üçün müxtəlif endirim mexanizmləri tətbiq etsə də, illərdir onun xidmətlərindən istifadə edən daimi sərnişinlərin maraqlarını nəzərə almır.

Məlumata əsasən, Bolt-un yeni istifadəçilərinə 25–30 faiz endirim təklif olunur. Bundan əlavə, Bolt-la əməkdaşlıq edən bəzi şirkətlərin əməkdaşlarına müəyyən hallarda 50 faizə qədər güzəştlər tətbiq edilir. Lakin uzun müddətdir platformadan istifadə edən sərnişinlər üçün analoji üstünlüklər mövcud deyil.

Bu məsələ ilə bağlı redaksiyamıza müraciət edən Kamil Qurbanov bildirib ki, o, Bolt-un daimi müştərilərindən biridir və hər gün Binə qəsəbəsindən Bakıya gedib-gəlir. Onun sözlərinə görə, son günlər eyni marşrut üzrə ona daha yüksək qiymətlər təklif olunur.

“Bir neçə dəfə bu qiymət siyasətinə etiraz etsəm də, heç bir nəticə əldə etmədim. Daimi müştəri olduğum halda, yeni istifadəçilərlə müqayisədə daha baha ödəniş etməli oluram. Bu, sərnişinlərin aldadılması və onların haqlarına müdaxilədir. Məhz bu səbəbdən Bolt-un xidmətindən imtina etmək qərarına gəldim”, – deyə K. Qurbanov vurğulayıb.

Sərnişinlər hesab edirlər ki, şirkət yalnız yeni müştəri axınına fokuslanmaq əvəzinə, uzunmüddətli istifadəçilər üçün də ədalətli və şəffaf qiymət siyasəti formalaşdırmalıdır. Mövzu ilə bağlı Bolt şirkətinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.

Seçilən
61
veteninfo.az

1Mənbələr