“Şəhərsalma və Memarlıq İli” – 2026
Azərbaycan şəhərlərinin siması dəyişir. Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncam, bütövlükdə, cəmiyyət üçün yaşayış məkanlarına yanaşmanın fəlsəfəsini dəyişən strateji addım kimi qiymətləndirilir. Bu qərar ölkəmizdə şəhərlərin planlaşdırılmasında estetik, funksional və dayanıqlı inkişaf prinsiplərinin ön plana çəkildiyini göstərir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İspatov Prezidentin Sərəncamını mediaya şərh edərək, sənədin şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, müasir memarlıq yanaşmalarının tətbiqi və insan mərkəzli urbanistika baxımından yeni imkanları açıqlayıb.
Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən növbəti ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çox əlamətdar hadisədir. 2026-cı ilin məhz bu deviz ilə əlamətdar olması şəhərsalma və memarlıq sahəsində qarşıdakı dövrdə baş verəcək bir sıra mühüm hadisələrlə bağlıdır:
– Artıq 13-cü Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir. Bu, dünya miqyasında böyük əhəmiyyətə malik hadisədir və Bakı şəhəri həmin mötəbər tədbirə ev sahibliyi edəcək. İkinci vacib məsələ ondan ibarətdir ki, növbəti ildə işğaldan azad olunmuş ərazilərimizdə “Böyük Qayıdış” üzrə Birinci Dövlət Proqramının son mərhələsinə keçid olacaq.
Məlumdur ki, 2026-cı ildə Qarabağ bölgəsində bir sıra yaşayış məntəqələrinin, ictimai binaların və sosial obyektlərin tikintisinin başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın doğma torpaqlarına qayıdışı davam etdiriləcək. Bu istiqamətdə şəhərsalma və memarlıq sahəsində də mühüm vəzifələr qarşıda durur.
İlqar İspatov daha sonra bildirib ki, əslində, bu sərəncamın dərin tarixi kökləri vardır:
– Azərbaycan tarixən şəhərsalma və memarlıq sahəsində dünyaya mühüm töhfələr verilib. Ölkəmizin ərazisində Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi kimi unikal abidələr mövcuddur. Şəki şəhəri də bu siyahıya daxil edilmək üzrədir.
2025-ci ildə görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin UNESCO çərçivəsində 900 illiyi keçirilib. Bunlar onu göstərir ki, Azərbaycan qədimdən şəhərsalma və memarlıq sənətinin inkişaf etdiyi ərazilərdən biridir. Bu torpaqlarda müxtəlif dövrlərdə memarlıq məktəbləri formalaşmış və həmin ənənələr tarixin sonrakı mərhələlərində də uğurla davam etdirilmişdir.
Sədr müavini onu da bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə şəhərsalma və memarlıq sahəsində müasir dövrün tələblərinə uyğun əsaslı islahatlar aparılmış, şəhər və kəndlərimizin planlaşdırılmasında sistemli yanaşma formalaşdırılmışdır:
– Bu işlərin davamlı və kompleks xarakter daşıması üçün mühüm institusional mexanizmlər yaradılmışdır. Hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhərsalma sahəsində misilsiz nailiyyətlər əldə edilmişdir. Onun sözlərinə görə, şəhərlərimizin planlı inkişafı geniş vüsət almışdır. Bakı şəhəri və ölkənin digər iri şəhərləri üzrə Baş planlar hazırlanmış, Bakı şəhərinin Baş Planı isə 2023-cü ilin sonunda qəbul edilmişdir.
Həmin sənədlərə uyğun olaraq paytaxtda genişmiqyaslı işlər həyata keçirilir, yeni yaşayış məhəllələri salınır, sənaye obyektləri inkişaf etdirilir, yol-nəqliyyat infrastrukturu yenilənir, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Son illərdə inşa edilmiş Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ Şəhər yaşayış kompleksi və digər irimiqyaslı layihələr müasir şəhərsalma və memarlıq nümunələri kimi xüsusi əhəmiyyət daşıyır. Növbəti illərdə də ölkəmizdə bu sahənin inkişafına ciddi təkan veriləcək.
İlqar İspatov xüsusilə landşaft memarlığı sahəsində əldə olunmuş nailiyyətlərdən də söz açaraq bildirib ki, geniş əraziləri əhatə edən Dənizkənarı Milli Parkın yenidən qurulması, şəhər parklarının salınması şəhər mühitinin ekoloji sağlamlığının yaxşılaşdırılmasına, sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə vermişdir:
– Forum çərçivəsində urbanizasiyanın qlobal çağırışları, xüsusilə mənzil problemləri ilə bağlı məsələlərin müzakirəsi gözlənilir. Bir sıra inkişaf etməkdə olan ölkələrdə bu sahədə mövcud problemlər daha kəskin xarakter daşıyır. Azərbaycan isə bu istiqamətdə həm geniş təcrübəyə, həm də mühüm nailiyyətlərə malikdir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində yüzlərlə yaşayış məntəqəsinin Baş planı hazırlanmış, 12 şəhər üzrə planlaşdırma sənədləri əsasında bərpa və yenidənqurma işlərinə başlanılmışdır.
Belə qısa zamanda görülmüş işlərin miqyası həqiqətən misilsizdir. Forum zamanı dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərlə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə əldə etdiyi unikal təcrübənin paylaşılması mühüm əhəmiyyət kəsb edəcək.
Musa BAĞIRLI
XQ