Bu ilin noyabr ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankomatların (ATM) sayı 3548-ə çatıb. Onların 1918-i Bakının, 1630-u isə regionların payına düşür.
FED.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədəki ATM-lərin ümumi sayı 278 ədəd və ya 8,5% artıb. Bu artımın əsas hissəsi paytaxt Bakının payına düşür. Belə ki, son bir ildə Bakıda ATM-lərin sayı 167 ədəd (9,5%), regionlarda isə 111 ədəd (7,3%) artıb.
Aylıq dinamikaya nəzər saldıqda isə, oktyabr ayı ilə müqayisədə ölkədəki bankomatların sayı 144 ədəd (4,2%) artıb. Bu artımın 146-sı Bakının, -2-si isə regionların payına düşür. Yəni son ayda Bakıda bankomatların sayı artsa da regionlarda azalıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında bankomatların sayı 3270 (Bakıda 1751, regionlarda 1519), 2024-cü ilin dekabrında isə 3304 (Bakıda 1772, regionlarda 1532) təşkil edib.