Azərbaycanda mina təhlükəsi beynəlxalq diqqət tələb edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” jurnalının məqaləsində vurğulanıb.
Nəşr qeyd edir ki, Azərbaycan dünyanın ən çox minalanmış ölkələri sırasında qalır və illərlə davam edən münaqişə fəal döyüşlər başa çatdıqdan sonra da insan tələfatını davam etdirir.
“Təxminən 1,5 milyon mina və çox sayda müharibənin digər partlayıcı qalıqları Azərbaycan ərazisinin 12 faizindən çoxunu çirkləndirərək, ölkəni dünyanın ən çox minalanmış ölkələrindən birinə çevirir. Bu böhran beynəlxalq birliyin təcili diqqət və dəstəyini tələb edir”, – məqalədə deyilir.
Müəlliflər vurğulayırlar ki, Azərbaycanda minalar “gizli qatillərdir, zamanı silahlandırırlar”. Onlara “yaşayış binalarında, yollarda, məktəblərdə və hətta qəbiristanlıqlarda” rast gəlinir, bu da əhalinin geri qayıtmasını və zərər çəkmiş rayonların yenidən qurulmasını son dərəcə riskli edir. 2020-ci ildən bəri mina nəticəsində təxminən 3500 nəfər, o cümlədən 361 uşaq həlak olub, qurbanların əksəriyyəti mülki şəxslərdir.
“National Interest” həmçinin qeyd edir ki, Ermənistan hələ də minalanmış sahələrin tam xəritələrini təqdim etməyib. Məqalədə qeyd edilir ki, bu, münaqişə tərəflərini minaların yerləşdirilməsini sənədləşdirməyi və hərbi əməliyyatlar dayandırıldıqdan sonra minaların təmizlənməsini asanlaşdırmağa məcbur edən beynəlxalq humanitar hüququ pozur. Müəlliflər vurğulayırlar ki, belə xəritələrin olmaması “mülki əhalini ölümcül təhlükəyə məruz qoymağa davam edir”.
Yada salaq ki, vaxtilə mina xəritəsi müqabilində 15 nəfər erməni Ermənistana təhvil verilib. Ardınca Rusiya prosesə töhfə vermək istiqamətində addım atıb. Ümumilikdə, 30 erməni diversantın təhvil verilməsi ilə Azərbaycan tərəfin 200 minədək minanın yerinin xəritəsini aldığı deyilirdi. Amma bu proses artıq uzun müddətdir ki, dayanıb. Üstəlik, verilən mina xəritələrinin heç də hamısı doğru-dürüst, dəqiq çıxmayıb. Bunu dövlət yetkililəri də açıqlayıblar. Yəni Ermənistanın bizdən istədiyi diversantları vermişik, amma onlar mina xəritələrini dəqiq verməyiblər. Bundan əlavə, minalar xaotik şəkildə basdırılıb.
Bu da əlavə çətinlik yaradır.
Bəs bu dəfə Ermənistan bizdən nə istəyə bilər?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Fikrət Nəsrəddinzadə qeyd edib ki, Ermənistanla nəyinsə müqabilində minalanmış ərazilərin xəritəsi danışıqlarını aparmaq fikrimcə sadəlöhvlükdür:
“Bu vaxta qədər verilən xəritələr saxta çıxıb. Ümumiyətlə Ermənistanda belə bir xəritənin olması inandırıcı gəlmir. Mina basdırılması xəritəsi üç ədəd surəti çıxarılmış eyni xəritədən ibarət olur: Yəni bir ərazinin minalanması üç eyni xəritədə göstərilir. Onlardan biri həmin əraziyə nəzarət edən hərbi hissənin məxfi hissəsində olur, eyni ikincisi həmin hərbi hissənin tabe olduğu diviziya və ya Korpus Birləşməsinin Məxfi hissəsində saxlanılır, üçüncü xəritə isə həmin dövlətin Müdafiə Nazirliyinə göndərilir. 44 günlük müharibədə ermənilərin Qarabağda tikdiyi hərbi hissələr tərəfimizdən götürüldü. Kifayət qədər mükəmməl məxfi sənədlər ələ keçirildi. 23 saatlıq antiterror əməliyyatında isə Xankəndində separatçı rejimin bütün qərargahları ələ keçirildi”.
Şərhçi qeyd edib ki, amma heç bir halda minalanmış ərazinin xəritəsi üzə çıxmadı:
“Zəfər savaşı zamanı düşmən qaçhaqaçda idi, kimin, hansısa bir əsgərin və ya zabitin əlində bölüyün, taborun balansında nə olubsa, hamısını yerə basdırıblar, minadan tutmuş digər partlamamış sursatlara qədər. İşğaldan azad olunmuş kənd və qəsəbələrdə, məktəblərdə, evlərin içərisinin giriş qapılarının, pəncərələrin arxasına sürpriz olaraq əl qumbarası bağlayıb çıxıblar ki, azərbaycanlılar gəlib qapını açsalar partlayış olsun. Bu, sistemli hərbi iş-ərazinin minalanması deyil, sadəcə, qisasdır”.