Suriya təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Dəməşqdəki İŞİD qruplaşmasının lideri saxlanılıb.
7News.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Suriya Daxili İşlər Nazirliyinin generalı Əhməd əd-Dallati öz "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, daxili təhlükəsizlik bölmələri hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq şəraitində Dəməşq ətrafındakı Muadamiyada İŞİD-in qərargahını məhv etmək üçün əməliyyat keçiriblər. Nəticədə terrorçu qruplaşmanın lideri Taha az-Zuabi və onun əlbirləri saxlanılıblar, onlardan partlayıcı kəmərlər və silahlar müsadirə edilib.
General bildirib ki, yerli sakinlər hüquq-mühafizə orqanlarına İŞİD qruplaşmasının mövcudluğu barədə məlumat verərək, terrorçuların ələ keçirilməsində əhəmiyyətli kömək göstəriblər.
Əd-Dallati vurğulayıb ki, İŞİD strukturuna ciddi zərbə vurulub və bu, təhlükəsizlik qüvvələrinin Dəməşq və onun ətrafında sabitliyə qarşı hər hansı bir təhdidə qarşı çıxmağa hazır olduğunu nümayiş etdirib.