BAKI,TurkicWorld,Fərid Mikayılov
İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.
Axtarışlar zamanı tapançalar, patronlar və çoxsaylı terror təşkilatına aid sənədlər müsadirə olunub. Açıqlamada qeyd olunub ki, şübhəlilər İŞİD-in çağırışları əsasında xüsusilə qeyri-müsəlmanlara qarşı Yeni il və Milad dövründə hücumlar planlaşdırmaqda ittiham edilirlər.
Onların bir qisminin münaqişə bölgələri ilə əlaqəli olduğu, bəziləri barəsində isə milli və beynəlxalq səviyyədə axtarış qərarlarının mövcudluğu bildirilib.
Qaçqın vəziyyətdə olan şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bundan əlavə, Ankara Respublika Baş Prokurorluğu da İŞİD-in maliyyə şəbəkəsinə qarşı paralel istintaq aparır. MASAK hesabatları və sosial media analizləri əsasında təşkilatın Ankaradakı maliyyə strukturlarının ifşa edildiyi, 10 şübhəli barəsində saxlanılma qərarı verildiyi açıqlanıb. Məlumata görə, həmin şəxslər Suriyadakı İŞİD üzvlərinə bank hesabları vasitəsilə maliyyə dəstəyi göstəriblər.
Qeyd edək ki, təhlükəsizlik qurumları İŞİD-in Yeni il ərəfəsində İstanbul və Ankarada kütləvi məkanlara qarşı hücumlar planlaşdıra biləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdi.