AZ

Makedoniyalı İsgəndər və Çingiz Xanın bacarmadığı: Teymur Dehlini necə fəth etdi?

BAKI, 25 dekabr. TELEQRAF

Teymurilər İmperiyasının banisi və özünü Çingiz Xanın varisi elan etmiş Əmir Teymurun ordusu 1398-ci ildə Hindistanın şimalında yerləşən Dehli Sultanlığını fəth etdi. Amansız döyüşlər Dehlinin mühasirəsi ilə başa çatdı. Mühasirə böyük şəhəri təxminən bir əsr viran vəziyyətdə saxladı və Hindistan tarixinin gedişinə dərin təsir göstərdi.

1336-cı ildə anadan olan Teymur tarixin ən əfsanəvi fatehlərdən biridir. İmperiyasını böyük Çingiz Xanın nümunəsi üzrə qurmuşdu. Hakimiyyətinin otuz ili ərzində imperiyanı Mərkəzi Asiya boyunca İrana qədər genişləndirdi, Qafqaz və indiki Rusiya ərazilərinə yürüşlər etdi. 1398-ci ildə diqqətini cənuba - Dehli Sultanlığına yönəltdi.

O dövrlərdə Hindistan son dərəcə zəngin idi, Dehli şəhəri bu zənginliyin zirvəsi sayılırdı. Amma Makedoniyalı İsgəndərdən tutmuş Çingiz Xana qədər böyük fatehlərdən çox azı Hindistan yarımadasında ciddi irəliləyiş əldə edə bilmişdi. Gurlu Sülaləsi 1175-ci ildə Dehlini ələ keçirmişdi, amma onların hakimiyyəti qısaömürlü oldu. Onların yerini isə gücü və nəzarəti daim dəyişən sülalələr tutdu, bu sülalələr ardıcıl şəkildə yüksəlir və süqut edirdi.

1398-ci ilə gəldikdə, Teymurun kəşfiyyatının ona bildirdiyinə görə, hakim Tuğlaq Sülaləsi əvvəlki qüdrətinin kölgəsinə çevrilmişdi. Onilliklər boyu davam edən vətəndaş müharibələri və qırğınlar onların imperiyasını xeyli kiçiltmişdi. Hətta öz sərhədləri daxilində belə əyalət hökmdarları Şah II Mahmuda yalnız formal sədaqət göstərirdilər. Qalan real dövlət hakimiyyəti isə Dehlidə hökmranlıq edən onun vəziri Mallu İqbal Xan və Multanı idarə edən Mallunun qardaşı Saranqa məxsus idi.

Din də müharibə üçün əlavə bir “müharibə bəhanəsi” rolunu oynadı. Tuğlaq Sülaləsi müsəlman olsa da, təbəələrinin böyük hissəsi hindu idi və sultanlıq üzərində Tuğlaqların zəif nəzarəti sayəsində nisbətən yüksək dərəcədə dini muxtariyyətə malik idilər. Nəticədə özü də müsəlman olan Teymur Tuğlaqları “imanın həqiqi müdafiəçiləri” hesab etmədiyini elan etdi və bildirdi ki, onun yürüşü cihad olacaq. Bu dini arqument böyük ehtimalla Teymur üçün sadəcə əlverişli bir bəhanə idi, bununla belə, o, Teymurun dini nüfuzunu artırdı və müharibəyə legitimlik qazandırdı.

Teymur bu qeyri-sabitlikdən istifadə edərək hətta özündən əvvəlki böyük fatehlərin belə çata bilmədiyi şöhrətə can atırdı. Üstəlik, Dehli Sultanlığının fəthi ona həm böyük dini nüfuz, həm də möhtəşəm qənimətlər gətirəcəkdi. Amma zəifləmiş sultanlıqla üz-üzə olsa və arxasında dini coşqu dayansa belə, Teymur Dehlini fəth etməyin az zəhmət tələb etməyəcəyini yaxşı anlayırdı.

Əmir Teymur 1398-ci ilin martında imperiyanın hər tərəfindən 90 min nəfərlik nəhəng bir ordunu paytaxt Səmərqənddə topladı. Hindistanın Teymurun ordusunun aşmalı olduğu dörd böyük müdafiə xətti vardı. Birincisi qorxuducu dağlar, ikincisi böyük çaylar və cəngəlliklər idi. Bu təbii maneələrdən sonra Hindistanın üçüncü müdafiəsi onun çoxsaylı və döyüşkən hərbçi mədəniyyətləri və orduları idi, dördüncü və sonuncu müdafiə xətti isə müharibə fillərindən ibarət dəhşətli batalyonlar sayılırdı.

İlk iki müdafiə xətti təcili həll edilməli olan problemlər yaradırdı. Teymurilərlə Dehli arasında birbaşa əzəmətli Hinduquş dağları yerləşirdi, bunlara əlavə olaraq, Hind çayının beş böyük qolu və Pəncab cəngəllikləri maneə yaradırdı. Amma Teymur fəthini keçilməz təbii sərhədlər kimi “xırda maneələr”in dayandırmasına heç vaxt imkan verməzdi. Hinduquş dağları və orada yaşayan, “Kafirlər” adlandırılan Kator və Siyah-Poşa tayfaları Teymurun qarşısına çıxan ilk ciddi sınaq oldu.

Kafirlər uzun müddət xarici təsirə müqavimət göstərmiş, dağların ətəyindən keçən orduların karvanları və təchizatını talamışdılar. Makedoniyalı İsgəndər Hindistana təhlükəsiz keçidi təmin etmək üçün onları rüşvətlə razı salmağa məcbur olmuşdu, amma Teymur belə güzəştlərə getməyə hazır deyildi. Bunun əvəzinə, ordusunun böyük hissəsi Kabilə doğru irəliləyərkən, təxminən 70 yaşlı Teymur seçmə bir dəstə ilə keçilməsi qeyri-mümkün kimi görünən dağ keçidlərini aşaraq birbaşa kafirlərin torpaqlarının mərkəzinə daxil oldu.

Kafirlər şiddətlə müqavimət göstərsələr də, tezliklə dağıdıldılar, bir qismi əsir alındı, digərləri isə qılıncdan keçirildi. Təchizat xətlərinə olan təhlükə aradan qalxdıqdan sonra Teymur Kabilə gəlib ordusuna qoşuldu. 1398-ci ilin yayının sonunda dağ yürüşündən sonra bərpa olunan ordusunu Xeybər keçidindən keçirib Hindistana daxil oldu. Qarşısında Pəncabın böyük cəngəllikləri və güclü çay yolları uzanırdı, amma Teymur özü ilə son dərəcə səmərəli bir mühəndislər korpusu gətirmişdi. Onların sayəsində cəmi iki gün ərzində körpülər salınıb sonra sökülə bilir, yolundakı çaylar sürətlə keçilirdi.

Şah II Mahmud, Mallu və ya Saranqın Teymurun gəlişindən xəbərdar olub-olmadığı və buna hazırlaşıb-hazırlaşmadığı sual doğurur. Teymur niyyətlərini gizlətmirdi, Saranqın yanına elçilər göndərilmiş və ona belə xəbərdarlıq edilmişdi: “Mənə illik xərac ödə, əks halda Saranq güclü ordumla gəlişimi eşidəcək”.

Saranq isə türk fatehinə meydan oxuyaraq ona belə cavab vermişdi: “Əgər Teymurun arzusu bu zəngin səltənəti ələ keçirməkdirsə, qoy bacarırsa, onu bizdən silah gücü ilə alsın”.

Cəsarətli cavab idi. Amma Teymur sultanlıq daxilindəki dərin parçalanmadan xəbərdardı, hələ Səmərqənddən çıxmamışdan əvvəl onun gəlişinə qarşı çıxacaq bir ordunun olmayacağını artıq təsdiqləmişdi. Elə həmin ilin əvvəlində nəvəsi Pirməhəmməd qabaqcıl bir dəstəyə rəhbərlik edərək Hindistana daxil olmuşdu.

Pirməhəmmədin gəlişinə heç bir ordu cavab vermədi və Multan altı ay inadla müqavimət göstərsə də, mühasirəni yarmaq üçün heç bir cəhd edilmədi. Şah Mahmud taxt-tacına iddia edənlərlə məşğul olduğundan öz hakimiyyətini Dehlidən bu qədər uzağa yaymağa vaxt tapmırdı. Bu vaxt Mallu da mühasirəni aradan qaldıracaq qədər güclü bir ordu təşkil edə bilmədi. Şəhər nəhayət elə Teymurun özü hadisə yerinə çatdığı anda süqut etdi.

Sentyabrın sonuna doğru Teymurilər ordusunun qalan hissəsi də sultanlığa daxil oldu və Pirməhəmmədlə heç bir müqavimətlə üzləşmədən birləşdi. Multan amansızcasına talan edildi və Teymur Dehliyə qarşısıalınmaz hücuma başladı. Hind çayı və beş böyük qolunu keçərkən “kökə və dəyənək” siyasətini amansızlıqla tətbiq edirdi. Təslim olan şəhər və zadəganlar xəzinələrini təhvil vermək şərti ilə yaxşı rəftar görürdülər, amma Tumbala və Dalpipur kimi müqavimət göstərənlər Multanın aqibətini yaşayırdı. Çoxlu sayda əsir alındı.

İslam zadəganları və sadə əhalinin çoxu Teymura təslim oldu və ya birbaşa tərəfini dəyişdi, çünki əks halda, II Mahmudu qorumaq üçün ölməli olacaqdılar. Hindu Racput və Katdan müəyyın müqavimət də vardı, öz torpaqlarını böyük qüvvəyə qarşı inadla müdafiə etdilər. Amma buna görə ya qırıldı, ya da kölə oldular.

Teymurun dayanmadan irəliləyən ordusu Pəncab boyunca tonlarla xəzinə və 100 000-dən çox əsir topladı. Daha sonra, dekabrın ortalarında - Hindistana daxil olmasının cəmi üç ayından sonra Teymurun ordusu Dehlinin ətrafına çatdı.

Hindistanın iki müdafiə xətti - dağlar və çaylar Teymuru dayandıra bilməmişdi. Amma böyük şəhəri ələ keçirmək asan olmayacaqdı. Mahmud və Mallu Dehlini Hindistanın üçüncü və dördüncü böyük müdafiə xətti - əsgər və fillərlə müdafiə etməyə hazırlaşdırdı. Teymur şəhərə yaxınlaşanda müdafiəçilər əks-hücum qüvvələrini göndərərək onun ordusunu narahat etməyə çalışdılar. Amma Teymur bu hücumlara hesablanmış sərtliklə cavab verdi.

İddiaya görə, əsirlərin Dehlinin müdafiəçilərini alqışladığını eşidəndə Teymur bütün 100 000 əsirin öldürülməsini əmr etmişdi.

Dekabrın 17-də Dehlinin müdafiəçiləri Teymurun ordusuna qarşı hücuma keçdi. Əlbəttə, açıq döyüş Teymur üçün şəhərə hücum və ya uzun mühasirədən daha uyğun idi, çünki mühasirə onun təchizat xətlərini yükləyər və tanış olmayan Hindistan iqlimi ordusunu zəiflədə bilərdi. Amma Mahmud Teymurun qəddarlığı və Şərqə yürüş zamanı yaratdığı dağıntıları gördükdən sonra sürətli və əzici qələbə qazanmaq qərarına gəlmişdi. Əlavə olaraq, Mahmud bəlkə də sürətli və qəti bir nəticənin onun hakimiyyətini xeyli gücləndirəcəyini düşünürdü. Teymurun paytaxtı ələ keçirməsinə rəğmən…

Döyüş mütləq həlledici olacaqdı və Mahmudun hakimiyyətinə təsir edəcəkdi, amma açıq döyüş mühasirədən daha mühüm üstünlük qazandırdı. Bu ona Teymur qarşısında gizli silahını - Hindistanın dördüncü böyük müdafiə xəttini istifadə etməyə imkan verdi. Artıq Teymur üçün “fil məsələsi”ni çözmək - döyüş meydanında vəziyyəti ayırd etmək vaxtı idi.

Şahın ordusunun əsasını 120-dən çox müharibə fili təşkil edirdi, bu nəhəng heyvanlar demək olar ki, yarımadadakı hər müharibədə iştirak etmişdi. Çox vaxt zirehlə örtülən fillər düşmənə hücum edib dağıdıcı təsir göstərir, bellərindəki döyüşçülər isə düşmənə ox və yandırıcı maddələr atırdılar. Teymurun ordusu buradak fillərlə döyüşməmişdi, amma onların şöhrəti qabaqcadan yayıldığından hər kəs bu nəhəngləri qorxu ilə qarşılayırdı. O zaman ordu daxilində o hekayə danışılırdı ki, fillər atı və süvarini əzə bilər, belə söz-söhbətlər ən təcrübəliləri belə narahat edirdi. Amma Teymur bundan xəbərdar idi və planını diqqətlə hazırlamışdı.

Teymur oxçularına fillərin bellərindəki döyüşçülərə vurmağı, əsgərlərinə isə fillərin təhlükəsiz keçə biləcəyi boşluqlar açmağı əmr etdi. Ən vacibi isə Dehlinin müdafiəçilərinin ona hücum etmələrini təmin etməklə Teymur döyüş meydanını öz istəyinə görə seçib öncədən hazırlaya bildi.

O, əsas mövqelərdə müdafiə qurğuları tikdirdi və əsgərlərinə döyüş sahəsinə tikanlı tələlər səpdirtdi. Hətta Teymur yük heyvanlarını zəncirləyərək bir növ “canlı divar” yaratdırdı ki, fillərin birbaşa hücumunu pozsun. Bu tədbirlər əsgərləri ruhlandırdı. Nəhəng fillərə qarşı effektli üsul idi.

Dehli ətrafındakı döyüş, hətta Teymurun öz standartlarına görə belə, amansız və qanlı oldu. Döyüş Teymurilərin sultanlığın sol cinahı istiqamətində keçmək istəyəndə başladı, amma onlar mobil ehtiyat qüvvəsi tərəfindən pusquya salınaraq darmadağın edildi. Cavab olaraq, Şah Mahmudun ordusu fillərin öncüllüyü ilə hücuma keçdi.

Teymurun cavabı tarixdə ən parlaq strateji zəka nümunələrindən biri kimi yadda qaldı. Bütün 120 zirehli fil Teymurun qüvvələrinin mərkəzinə hücum edərkən, onların dağıdıcı hərəkəti əvvəlcədən döyüşə hazırlanan tikanlı torpaq və müdafiə qurğuları tərəfindən əngəlləndi. Hər şey Teymurun planlaşdırdığı kimi oldu.

İddiaya görə, Teymurun ordusu yük dəvələrini yandıraraq fillərə doğru sürdü, bu da qorxan filləri öz qüvvələrini əzib keçməyə sövq etdi.

Başqa sözlə, Teymurun hazırladığı müdafiə tam olaraq təsirini göstərdi, fillər və onların arxasınca gələn əsgərləri xaosa saldı. Teymuri xətlərinə çatmış az sayda fil isə Əmir Teymurun əmrinə uyğun olaraq oxçular tərəfindən zərərsizləşdirildi. Şah Mahmud və Mallu fillərin yıxıldığı və müdafiə xəttinin darmadağın olduğunu görüb şəhər divarlarının arxasına qaçdı.

Liderləri qaçan Dehlinin qalan müdafiəçiləri ümidsiz bir müqavimət göstərdilər, amma vəziyyət tamamilə çıxılmaz idi.

Teymur sarayının tarixçisi yazır: “Hindistan əsgərləri həyatları üçün cəsurcasına döyüşdülər, amma zəif bir həşərat qəzəbli küləklə mübarizə apara bilməz”.

İndi qalan yeganə şey Dehlinin təslim olması idi.

Şah və vəziri ümidsiz durumu görərək döyüşdən qısa müddət sonra sakitcə şəhərdən qaçdı. Qalanlar isə qaçılmazı qəbul edərək Teymura təslim oldular.

Teymur və ordusu şəhərin ətrafında düşərgə qurdu, rəsmi şəxslər isə ələ keçirilən şəhərdə vəziyyəti nəzarətdə saxladılar. Xəzinələr daşındı, girov və fidyə məsələləri razılaşdırıldı, digər məsələlər həll olundu. Teymurun xanımları və saray qadınları şəhəri gəzdilər, Teymur isə salamat qalmış filləri özü və generalları üçün nümayiş etdirdi. Döyüşdə uğursuz olsalar da Teymur bu nəhəng heyvanlardan o qədər təsirlənmişdi ki, onları müttəfiqləri və dostlarına hədiyyə etdi.

Şəhərin bütün böyük sənətkar, alim və ustaları Teymur tərəfindən Səmərqəndə aparıldı. Amma şəhərin əhalisi o qədər böyük idi ki, deyilənə görə, ən aşağı rütbəli Teymuri əsgəri belə Dehlidən ən az 20 kölə ilə çıxmışdı.

Teymur elə bir fəthə imza atdı ki, hətta ondan əvvəlki fatehlər belə buna nail ola bilməmişdi, buna görə də evə qayıtmağa qərar verdi. 1399-cu ilin əvvəllərində Teymur qısa müddət Firuzabadda dayandı və Qanq çayını keçərək bir neçə şəhəri ələ keçirdi, sonra Əfqanıstana qayıdaraq yol boyu fəthlərə davam etdi. Teymur elə gəldiyi sürətlə Hindistandan ayrıldı. Ardında yüz minlərlə ölü, parçalanmış bir sultanlıq və dünyanın böyük şəhərlərindən birini duman içində viran qoymuşdu.

Teymur fəth etdiyi torpaqlarda yeni dövlət strukturlarının yaradılmasına həmişə yumşaq yanaşması ilə məşhur idi və Hindistanda da belə oldu. Ayrılarkən, ona təslim olmuş Tuğlaq zadəgalarından biri olan Xızır Xanı Multan və ətraf əyalətlərin vassal qubernatoru təyin etdi. Əlbəttə, bunlar onun üçün sonrakı, xırda məsələlər idi. Teymur şöhrətini qazanmış - Dehlini fəth etmişdi, iş onun üçün bitmiş sayılırdı. Beləliklə, Teymur və ordusu qənimətləri ilə Səmərqəndə qayıtdı, parçalanmış sultanlığın qalanını öz halına buraxmaqdan məmnun qaldı. Onun Hindistana yürüşü dərin izlər qoydu.

Siyasi baxımdan, artıq zəifləyən Tuğlaq sülaləsi tamamilə məhv oldu. Tozanaq yatdıqdan sonra artıq böyük ölçüdə müstəqil olan əyalətlərin bir çoxu tamamilə ayrılmağa başladı. Təəccüblüdür ki, Şah Mahmud dövlətin kiçik bir qalığı üzərində hakimiyyətini 1415-ci ilə qədər davam etdirdi.

Teymurun gedişindən sonra insan itkisi daha ağır oldu. Teymurilərin ərzaq anbarlarını məhv etməsi sultanlığın qalan hissəsində aclığın yayılmasına səbəb oldu və artıq astronomik sayda ölüm faktlarına əlavə edildi.

Bir çox böyük və məşhur şəhərlərin sərvətləri ələ keçirilmişdi, amma ən çox zərər görən Dehli idi. Sultanlığın möhtəşəm paytaxtı külə çevrilmiş, böyük xəzinəsi və əhalisi talan edilmişdi. Dehlidən qaçaraq sağ qalanların öz evlərinə qayıtması iki ay davam etdi, amma şəhər özü tam olaraq qarşıdakı əsr ərzində bərpa olunmayacaqdı.

Seçilən
29
teleqraf.com

1Mənbələr