AZ

Rusiya ağır itkilər verməyə davam edir: Kreml üçün yeganə ümid Trampdır – Bild

Kreml Rusiyanın döyüş meydanında Ukraynanı inamla məğlub etdiyini iddia etməyə davam etsə də, Almaniyanın Bild qəzetinin yaydığı məlumatlar bu bəyanatlarla ziddiyyət təşkil edir. Vətəninfo.az xəbər verir ki,  nəşrin yazdığına görə, 2025-ci il ərzində Rusiya ordusu Ukrayna ərazisinin cəmi 4 400 kvadrat kilometrini ələ keçirə bilib ki, bu da ölkə ərazisinin 1 faizindən azdır.

Bild bildirir ki, 2025-ci ildə Ukraynadakı müharibə zamanı təxminən 100 min Rusiya hərbçisi həlak olub. Rusiyanın müxalif media orqanı olan Mediazonanın təhlilinə əsasən, ilin ortalarınadək Rusiya itkiləri 48 min nəfərə çatıb. Onlardan 22 mininin kimliyi müəyyən edilib. Nəşrin məlumatına görə, ilin ikinci yarısında bu göstərici demək olar ki, dəyişməz qalıb.

Məqalədə qeyd olunur ki, 2025-ci ildə Rusiyanın verdiyi itkilərin təxminən 90 faizi Ukraynanın FPV tipli döyüş dronlarının hücumları nəticəsində baş verib.

Bild vurğulayır ki, Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynanın dörd vilayətini tam nəzarətə götürmək məqsədindən uzaqdır. Belə ki, Ukrayna hazırda Donetsk vilayətində 5 700 kvadrat kilometr, Zaporojye vilayətində 5 800 kvadrat kilometr və Xerson vilayətində 6 400 kvadrat kilometr ərazini nəzarətində saxlayır.

Bununla yanaşı, nəşr Rusiyanın iqtisadi vəziyyətinin də pisləşməkdə davam etdiyini yazır. Bildirilir ki, yüksək inflyasiya və rekord səviyyədə faiz dərəcələri Rusiya iqtisadiyyatını zəiflədir. Bu prosesə təkcə Qərb sanksiyaları deyil, həm də Ukraynanın Rusiya neft, qaz və enerji sektorlarına məxsus əsas infrastruktur obyektlərinə endirdiyi yüzlərlə zərbə ciddi təsir göstərir.

Bild qəzetinin qənaətinə görə, Moskvanın Ukraynada “tez qələbə” qazanmaq üçün yeganə ümidi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birgə hazırlanacaq mümkün sülh planıdır. Jurnalistlər hesab edirlər ki, Putinin Ukrayna qoşunlarını onun üçün strateji əhəmiyyət daşıyan bölgələrdən geri çəkilməyə məcbur edə biləcəyi yeganə yol məhz bu ssenaridir.

Seçilən
17
veteninfo.az

1Mənbələr