Yaponiya hökuməti 2029-cu ilin mart ayına qədər 1 milyon 230 mindən çox xarici işçini ölkəyə qəbul etməyi planlaşdırır.
Marja xəbər verir ki, dövlət televiziyası NHK-nin məlumatına görə, hökumət 2029-cu ilin mart ayına qədər 1 milyon 231 min 900 ixtisaslı işçinin Yaponiyaya qəbulunu nəzərdə tutan planın layihəsini təqdim edib.
Planın birinci mərhələsi çərçivəsində Yaponiyaya 19 sahə üzrə 805 min 700 ixtisaslı işçinin qəbul ediləcəyi gözlənilir. İxtisaslı işçilərin əsasən ərzaq məhsulları istehsalı, sənaye istehsalı və texniki xidmət sahələrində məşğulluğu hədəflənir.
İkinci mərhələdə Yaponiyada tikinti, sənaye istehsalı və qida sektorlarında üç il müddətində təlim keçərək ixtisaslı kadr səviyyəsinə çatdırılacaq 17 sahə üzrə ümumilikdə 426 min 200 nəfərin qəbul edilməsi planlaşdırılır.
Yaponiyada işçi qüvvəsinə olan tələbatın qarşılanmasını və məhsuldarlığın artırılmasını hədəfləyən hökumətin bu planı yanvar ayında Nazirlər Kabinetinin təsdiqinə təqdim etməsi gözlənilir.