AZ

Taleh Əliyev: "Avanesyan sülh prosesini pozmaq istəyən üçüncü tərəflərin alətidir" – ÖZƏL

"Karen Avensiyan kimi şəxslər  Azərbaycanla Ermənistan arasında müharibənin davam etməsində maraqlı olan üçüncü tərəflərin məqsədyönlü təxribat planının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Lakin Karen Avensiyanın erməni olması, özünü Ermənistanın "milli qəhrəmanı" adlandırması və  Azərbaycan polis əməkdaşlarına qarşı müqavimət göstərərək onların yaralanmasına səbəb olması faktı, heç şübhəsiz ki, Azərbaycan məhkəmə orqanları tərəfindən bu şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxarmalıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, ittiham olunan şəxsin özünü "Ermənistanın qəhrəmanı" kimi təqdim etməsi isə əslində Azərbaycanla Ermənistan arasında müharibə ritorikasının yenidən gündəmdə saxlanılmasına xidmət edir. Məsələyə yalnız hüquqi aspektdən yanaşmaqla kifayətlənmək olmaz, eyni zamanda Azərbaycan hakimiyyəti bu hadisənin siyasi tərəfini də nəzərdən qaçırmayacaq.

Ekspert qeyd edib ki, bu cinayət Ermənistanla  Azərbaycan arasında normallaşma prosesinə, etimad quruculuğuna və sülhün əldə olunmasına qarşı törədilmiş məqsədli bir təxribatdır. Bu, ayrı-ayrı şəxsin spontan hərəkəti deyil, üçüncü qüvvələrin  Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna qarşı yönəlmiş planlı fəaliyyətidir. Gələcəkdə də erməni mənşəli bəzi şəxslər tərəfindən, xüsusilə Cənubi Qafqazda yenidən müharibə və münaqişənin baş verməsində maraqlı olan üçüncü dövlətlərin məqsəd və maraqlarına xidmət edən oxşar təxribatların baş vermə ehtimalı yüksəkdir. Məhz buna görə də Azərbaycan tərəfi bu kimi hallara qarşı ayıq-sayıq olmalı, cinayətin təkcə hüquqi aspektini deyil, eyni zamanda onun siyasi və təhlükəsizlik ölçülərini də təhlil edərək hadisəyə daha geniş və əhatəli qiymət verməlidir.

"Bu cür halların gələcəkdə də təkrarlanması ehtimalını nəzərə alaraq, hesab edirəm ki, hadisənin pərdəarxası məqamları daha dərindən araşdırılmalı, cinayəti törədən şəxsin müəyyən mənada qurban olduğu, onun üçüncü tərəflərin maraqlarına xidmət edən bir vasitəyə çevrildiyi ehtimalı diqqətdə saxlanılmalıdır. Əsas diqqət isə bu cinayətlərin təşkilatçılarının ifşa edilməsinə yönəldilməlidir. Yalnız bu halda bölgədə sülhə və təhlükəsizliyə təhdid yaradan qüvvələri aşkar edib ifşa etmək və onların fəaliyyətinin qarşısını almaq mümkün olacaqdır," - deyə siyasi şərhçi vurğulayıb.

Xatırladaq  ki,  Xankəndidə terror və digər ağır cinayətlərdə təqsirləndirilən Karen Avanesyanın məhkəməsində onun tutulmasında iştirak edən polis əməkdaşı ifadə verib. O bildirib ki, Avanesyan təslim olmaqdan imtina edib, avtomatdan atəş açıb və 3 qumbara ataraq silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində yaralanaraq saxlanılıb. Polis əməkdaşlarından biri xəsarət alıb. Avanesyan xəstəxanada özünü "Ermənistanın qəhrəmanı" adlandırıb. Real faktlar və videogörüntülərə baxmayaraq, erməni mətbuatı prosesi "oyun" adlandıraraq ittihamların guya sübutsuz olduğunu iddia edir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr