AZ

Ağciyərləri hava çirklənməsindən qoruyan vitamin

Adi C vitamininin ağciyərləri hava çirklənməsinin zərərli təsirlərindən qismən qoruya biləcəyi müəyyən edilib.

E-saglam.az xəbər verir ki, Sidney Texnologiya Universitetinin (UTS) alimlərinin apardığı yeni araşdırma göstərib ki, yüksək dozada C vitamini havadakı PM2.5 adlanan incə hissəciklərin ağciyər hüceyrələrinə vurduğu ziyanı azalda bilər.

PM2.5 mikrometr ölçüsündə olan çirkləndiricilərdir və astma, xroniki ağciyər xəstəlikləri və hətta ağciyər xərçəngi ilə əlaqələndirilir. Tədqiqatçılar C vitamininin təsirini siçanlar və laboratoriyada yetişdirilən insan ağciyər toxumaları üzərində sınaqdan keçiriblər.

Araşdırmanın nəticələrinə görə, C vitamini hüceyrələrin enerji mənbəyi olan mitoxondrilərin itkisinin qarşısını alır, iltihabı azaldır və oksidləşdirici stress nəticəsində yaranan hüceyrə zədələnməsini zəiflədir. Bu təsirlər ağciyərlərin çirklənməyə qarşı daha davamlı olmasına kömək edir.

UTS-də aparılan araşdırmada iştirak edən alimlər bildiriblər ki, antioksidant xüsusiyyətə malik C vitamini aşağı səviyyəli PM2.5 təsirinin mənfi nəticələrini azaltmaqda effektiv ola bilər və risk altında olan şəxslər üçün faydalı ola bilər. Bununla belə, tədqiqatın laboratoriya şəraitində aparıldığı və real həyat şərtlərini tam əks etdirmədiyi də vurğulanıb.

Molekulyar bioloq Brian Oliver isə xəbərdarlıq edib ki, C vitamininin yüksək dozada qəbulu yalnız həkim məsləhəti ilə olmalıdır. Onun sözlərinə görə, düzgün dozanın seçilməsi və həddindən artıq qəbul riskinin qarşısının alınması vacibdir.

Mütəxəssislər qeyd edirlər ki, C vitamini qoruyucu rol oynaya bilsə də, əsas həll hava çirklənməsinin azaldılması və nəfəs aldığımız havanın keyfiyyətinin yaxşılaşdırılmasıdır. Araşdırma bir daha göstərir ki, hətta aşağı səviyyəli hava çirkliliyi belə orqanizmdə ciddi hüceyrə zədələnmələrinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
40
e-saglam.az

1Mənbələr