AZ

Çin səfiri: 2025-ci il Çin-Azərbaycan münasibətləri tarixində əlamətdar olub

Bakı, 25 dekabr, Pərvanə Qafarova, foto Tofiq Babayev, AZƏRTAC

Keçən il Çin-Azərbaycan münasibətləri tarixində ən səmərəli dövrlərdən biri oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Lu Mey ötən il Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərin inkişafının yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, ÇXR sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə ikitərəfli əlaqələr bütün tarix boyu ən yüksək səviyyəyə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Siyasi qarşılıqlı etimad əhəmiyyətli dərəcədə möhkəmləndirildi, praqmatik əməkdaşlıq genişləndirildi və humanitar mübadilələr dərinləşdirildi.

Səfir vurğulayıb ki, dövlət başçıları səviyyəsində diplomatiya münasibətlərin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib. Aprel ayında Prezident İlham Əliyev Çinə dövlət səfəri edib, bu səfər zamanı Sədr Si Cinpinlə danışıqlar aparıb. Səfərin yekunları üzrə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanat, eləcə də müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb.

Avqustun sonu-sentyabrın əvvəlində Azərbaycan dövlətinin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitində, həmçinin Çin xalqının yapon işğalçılarına qarşı Çin Xalq Müqaviməti müharibəsində və İkinci Dünya müharibəsində qələbəsinin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün yenidən Çinə səfər edib. Səfir qeyd edib ki, bu səfərlər beynəlxalq asayişin qorunması və faşizmin dirçəldilməsinə qarşı mübarizə məsələlərində tərəflərin ümumi mövqeyini nümayiş etdirib.

Qeyd olunub ki, 2025-ci ildə bütün səviyyələrdə qarşılıqlı səfərlərin intensivliyi tarixi maksimuma çatıb. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iqtisadi və ticarət əməkdaşlığının inkişafına töhfə verərək Çinə iki dəfə səfər edib. İki ölkənin hökumət strukturları, siyasi partiyalar, işgüzar dairələri və yerli özünüidarəetmə orqanları arasında da fəal qarşılıqlı fəaliyyət həyata keçirilib.

Səfir Çin və Azərbaycanın ŞƏT və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində sıx qarşılıqlı fəaliyyətini və qarşılıqlı dəstəyini davam etdirdiyini vurğulayıb. Çin Azərbaycanın ŞƏT-ə daxil olmaq istəyini, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin sədri kimi fəaliyyətini dəstəkləyir.

Səfir, həmçinin qeyd edib ki, Çin tərəfi Azərbaycanla çoxtərəfli əməkdaşlığı daha da dərinləşdirməyə, Qlobal Cənub ölkələrinin ümumi maraqlarını qorumağa və bəşəriyyətin vahid taleyi icmasının formalaşmasına kömək etməyə hazırdır.

Seçilən
38
azertag.az

1Mənbələr