AZ

Müzəffər xalqın qüdrətli rəhbəri



Ömrünün müdriklik çağını yaşayan cənab Prezident İlham Əliyev, bu gün həm də siyasi fəaliyyətinin ən parlaq və uca mərhələsindədir. Onun keçdiyi ömür yolu müasir Azərbaycan dövlətinin intibah dövrü ilə tamamilə eyniyyət təşkil edir. Dövlət başçısı fəaliyyətinin ilk günündən etibarən hər bir vətəndaşın prezidenti olacağını bəyan etmiş və ötən illər ərzində atdığı hər bir addımla, imzaladığı hər bir fərmanla bu vədinə sadiq qaldığını sübut etmişdir. Ölkədə hökm sürən davamlı sabitlik, xalqın əmin-amanlıq şəraitində yaşaması və vətəndaş həmrəyliyinin sarsılmaz təməllər üzərində qurulması cənab İlham Əliyevin həyata keçirdiyi humanizm və sosial ədalət prinsiplərinə əsaslanan siyasətin bilavasitə nəticəsidir.

Cənab Prezidentin liderlik fəlsəfəsinin mərkəzində dayanan əsas amil Azərbaycan xalqının rifahı və dövlətin milli maraqlarının hər şeydən uca tutulmasıdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbindən bəhrələnən və bu irsi müasir dünyanın texnoloji və siyasi reallıqları ilə zənginləşdirən dövlət başçısı, ölkəmizi qlobal böhranlardan və regional təhdidlərdən məharətlə qoruyaraq sülh vahəsinə çevirmişdir. Bu gün Azərbaycan vətəndaşı öz dövlətinin gücünə və gələcəyinə böyük inam bəsləyirsə, bu, ölkə rəhbərinin xalqın maraqlarını hər bir platformada qətiyyətlə müdafiə etməsinin və milli birliyi dövlət siyasətinin prioritetinə çevirməsinin bəhrəsidir.

Fəaliyyəti boyunca hər zaman xalqın dəstəyinə arxalanan və "mənim gücüm Azərbaycan xalqının mənə olan inamındadır" deyən cənab İlham Əliyev, xalq-iqtidar birliyinin sarsılmaz modelini yaratmışdır. Xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması üçün yaradılan şərait dövlət başçısının vətəndaşına olan sonsuz qayğısının təzahürüdür. Bu fəaliyyət Azərbaycanın həm iqtisadi, həm də mənəvi qüdrətini nümayiş etdirir, ölkəmizin daxili sabitliyini daha da möhkəmləndirir.

Bu gün Azərbaycanın yeni tarixini yazan, xalqımıza qələbə sevinci və milli qürur hissi bəxş edən böyük dövlət xadimi İlham Əliyevin doğum günü münasibətilə ölkəmizin hər bir guşəsində xalqımız öz rəhbərinə dərin ehtiramını və sevgisini ifadə edir. Ömrünü dövlətimizin yüksəlişinə və xalqımızın xoşbəxt gələcəyinə həsr edən cənab Prezidenti doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində yeni zəfərlər və möhkəm cansağlığı arzulayırıq.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Seçilən
22
aia.az

1Mənbələr