AZ

Türkiyəli jurnalistlər Azərbaycan medalı ilə təltif olunublar

Qardaş Türkiyədən olan  media nümayəndələri və tədqiqatçılar Azərbaycan milli mətbuatının 150 illik yubiley medalı ilə təltif ediliblər. Türkiyənin media nümayəndələrinin Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsis olunan yubiley medalı ilə təltifı  Azərbaycan və Türkiyə arasında media sahəsində uzun illərə söykənən qardaşlıq münasibətlərinin, qarşılıqlı etimadın və peşəkar əməkdaşlığın növbəti təzahürü və media sahəsində qardaşlıq nümunəsidir.  

Mükafatlandırma ilə bağlı fikirlərini bölüşən və təltif olunanlar arasında yer alan Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir belə deyib. O,  bu təltifi böyük qürur hissi ilə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, bu medal təkcə fərdi qiymətləndirmə deyil, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında media sahəsində formalaşmış möhkəm əməkdaşlığın və strateji tərəfdaşlığın bariz göstəricisidir.

 Media əlaqələrinin daha da inkişafı üçün birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayan mətbuat müşaviri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA) və 150 illik zəngin ənənəyə malik Azərbaycan mətbuatının nümayəndələrinə təşəkkür edib.

Yubiley medalı ilə təltif olunanlar sırasında TRT Azərbaycan təmsilçisi Murat Akkoç, Anadolu Ajansı Asiya və Qafqaz Xəbərləri Müdiri Tolga Özgenç, tanınmış jurnalistlər Fulya Öztürk və Fatih Avanos, eləcə də digər media nümayəndələri də var.

Bununla yanaşı, Azərbaycan mətbuatının Türkiyədəki tanınmış tədqiqatçıları, Egey Universitetinin professoru, Türk dünyasının dəyərli  alimi Yavuz Akpınar, həmin universitein Türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri Yılmaz Özkaya da bu nüfuzlu mükafata layiq görülüblər.

Təltif olunan bütün həmkarlarımızı ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Namiq Qədimoğlu

XQ

 

 

 

 

 

 

 

 

Seçilən
13
1
xalqqazeti.az

2Mənbələr