Növbəti köç Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb
Dekabrın 25-də yola düşən köç karvanı işğaldan azad olunan Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, bu mərhələdə Şuşakəndə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə isə 50 nəfərdən ibarət 12 ailə köçürülüb. Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıtmaları münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri planlı və sürətli şəkildə davam etdirilir. Şuşakənd və Xanyurdu kəndlərində içməli su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Sakinlərin məşğulluq məsələsi də diqqətdə saxlanılır. Doğma torpaqlarına qovuşan sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, illər sonra öz yurdlarında yaşamağın sevincini bölüşüblər.