Bu fikirləri siyasi şərhçi Polad Mehdiyev Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycanın son illər yürütdüyü praqmatik və çoxvektorlu xarici siyasət xətti İran istiqamətində də ardıcıl və balanslı yanaşmanın formalaşdığını göstərir. Səfər, ilk növbədə, siyasi dialoqun dərinləşməsinə və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə xidmət edə bilər. Rəsmi Bakı İranın hazırkı seçilmiş prezidenti və hökuməti ilə münasibətləri məhz dövlət maraqları prizmasından qurur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan qonşu ölkələrlə münasibətlərini ideoloji deyil, milli maraqlara əsaslanan əməkdaşlıq modeli üzərində formalaşdırır. Bu yanaşma Tehranla dialoqun institusional səviyyədə sabit və proqnozlaşdırılan məcraya keçməsinə imkan yaradır.
İqtisadi müstəvidə isə səfərin real və ölçülə bilən faydalar gətirməsi mümkündür. Xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlıq ön plana çıxa bilər. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan artıq əsas tranzit ölkələrdən birinə çevrilib və İran bu marşrutun mühüm halqasıdır.
Regional kontekstdə isə bu səfər Cənubi Qafqazda sabitlik və əməkdaşlıq xəttinin güclənməsi baxımından əhəmiyyətlidir. Azərbaycan regionda yeni reallıqların əsas memarlarından biri kimi çıxış edir və bu reallıqlar qonşu dövlətlərlə açıq, qarşılıqlı faydaya əsaslanan münasibətləri zəruri edir. Tehran səfəri Bakının regionda gərginlikdən deyil, əməkdaşlıqdan yana olduğunu bir daha nümayiş etdirə bilər."
İbrahim Məmmədli