Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama görə, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,4 milyon vəsait ayrılıb.
Bəs bu Sərəncamdan sonra Hökməli və Qobu ərazisində daşınmaz əmlakın – torpağın, evlərin, obyektlərin qiyməti necə dəyişəcək?
Bu barədə FED.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu tipli infrastrukturun inkişafı ilə bağlı olan hər bir Sərəncamdan sonra - hətta həmin Sərəncam hələ tam yerinə yetirilmədiyi halda belə bahalaşma prosesi başlayır və həmin ərazilərə investisiya yatırımı yönəldilir:
“İndi də təbii ki, Hökməli və Qobu qəsəbələri ərazilərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı cənab Prezident tərəfindən 1,4 milyon manat ayrıldıqdan sonra bu istiqamətdə görüləcək işlər həm yaxınlıqda yerləşən qəsəbələrə, həm də ətraf ərazilərə çox ciddi təsir göstərəcək. Həmin ərazilərdə yerləşən torpaq sahələri ilk növbədə bahalaşmağa başlayacaq. Torpaq sahələrinin bahalaşması isə avtomatik olaraq onların üzərində tikilən obyektlərə də təsir göstərəcək. Çünki torpağın dəyəri artdıqda onun üzərində inşa olunan tikililərin qiyməti də yüksəlir.
Bu bahalaşma yalnız həmin qəsəbələrin özünü əhatə etməyəcək. Dolayı təsirlənən ərazilər də olacaq. Məsələn, Masazır, Güzdək, Hökməli, Məmmədli kimi ərazilərdə də qiymət artımı müşahidə olunacaq. Bu proses həm də alternativ ərazilərin axtarışını artıracaq və nəticədə həmin zonalarda da torpaq sahələrinin bahalaşmasına təsir göstərəcək”.
Sədrin sözlərinə görə, yollar təmir olunandan sonra Bakı şəhərinin mərkəzi ilə əlaqənin daha sürətlə təmin olunması həmin ərazilərdə ticarət obyektlərinin qiymətinə xüsusi təsir göstərmiş olacaq: “Bu, eyni zamanda Qobu və Hökməli ərazisinin sürətli inkişafı üçün stimul yaratmış olacaq. Düşünürəm ki, bu cür layihələrin icrası həm sözügedən ərazilərin sosial-iqtisadi inkişafı üçün önəmlidir, həm də eyni zamanda əgər bir ərazidə bu istiqamətdə infrastruktur yenilikləri aparılırsa, qonşu ərazilər də həmin inkişafdan öz təsir payını almış olur”.
“Qiymətlər mərhələli şəkildə 5-35% bahalaşacaq”
Vüqar Oruc bildirib ki, istər müəyyən ərazilərdə abadlaşma işlərini apardıqdan sonra böyük bina komplekslərinin tikilməsi, istər yeni yolların salınması, istər köhnə təmirə ehtiyac olan yolların təmir olunması həmin ərazilərdə üç formada qiymət artımını yaradır:
“Birinci qiymət artımı ilkin reaksiyadır. Buna adətən psixoloji reaksiya deyilir. Yəni, Sərəncam imzalandığı barədə artıq məlumat var və bu informasiya tirajlanır. İnformasiya tirajlandıqda investorların diqqətini çəkir, mərhələli və aşağı sürətli bir axın başlayır. Həmin ərazilərin perspektivlə bağlı fikir yarandıqdan sonra investisiya qoyulması üçün hazırlıq mərhələsinə start verilir. Bu, ilkin dövrdə təqribən 5-7% qiymətlərin artımını təmin edir. İkinci dövr konkret real işlərə başlamaq anında, yəni artıq Sərəncamın icrası dövründədir ki, bu işin reallığını artıq investorlar görəndə ilkin olaraq 10-15% qiymət artımı proqnozlaşdırılır. Artıq iş görülüb qurtardıqdan sonra, təbii ki, yeni infrastruktur özü ilə bərabər təqdribən 20-25%, bəzi hallarda 30-35% qiymət artımını gerçəkləşdirir.
Qobuda, Hökməlidə, Masazırda, Güzdəkdə və Məmmədlidə növbəti qiymət artımı dağaları baş verəcək”
“Artıq qiymət artımları baş verdikdən sonra investorlar və yaxud həmin ərazilərdə torpaq alıb ev tikmək istəyən vətədandaşlar alternativ yerlərə və yaxın ərazilərə üz tuturlar. Buna görə də, yaxın ərzilər də qiymət artımından təsirlənmiş olur. Amma bu demək deyil ki, qiymət artımı baş verən ərazilər alternativ axtarışından sonra qiymətin azalmasına məruz qalır. Sadəcə həmin proses həyata keçdikdə artıq ölkədəki ümumi əmlak qiyməti artımına tabe olur. Əgər ölkədə il ərzində 10-15% əmlak qiymətləri artırsa, həmin ərazilər torpaq sahələri bir o qədər, ondan müəyyən qədər aşağı və yaxud da yuxarı təsirlənirək qiymət artımına məruz qalır.
Mən düşünürəm ki, ilk dövr üçün həm Qobuda, həm Hökməlidə, həm onsuz da qiymət artımı artıq baş vermiş Masazırda, qiymət artımı hələ çox təsir etməmiş Güzdəkdə və eyni zamanda həmin artıma məruz qalmış Məmmədlidə növbəti qiymət artımı dağaları baş verəcək”.