Mətbuatın 150 illik yubiley medalı sözə verilən dəyərin sübutu, mətbuat yoluma verilən yüksək qiymətdir
Bəzən bir ömür boyu deyilən sözlər, yazılan cümlələr, qorunan mövqelər bir anın içində dövlətin möhürü ilə dəyərləndirilir və tarix olur. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis edilmiş yubiley medalı da məhz belə bir anın, belə bir mənəvi zirvənin ifadəsidir. Bu medal təkcə metal üzərində həkk olunmuş tarix deyil. Bu, sözə, mövqeyə, vicdanlı jurnalistikaya verilən yüksək qiymətdir. 1875-ci ildə “Əkinçi” ilə başlanan milli mətbuat yolumuz 150 illik tarixi ərzində ağır sınaqlardan keçib. Senzura, təzyiq, qadağalar, ideoloji savaşlar, siyasi burulğanlar bu yolu müşayiət edib. Amma Azərbaycan mətbuatı bütün dövrlərdə xalqın səsi, zamanın güzgüsü və həqiqətin tribunasına çevrilməyi bacarıb. Bu baxımdan milli mətbuat tariximizdə ilk dəfə təsis olunan yubiley medalı təkcə bir ildönümünün yox, bütöv bir epoxanın dövlət səviyyəsində qiymətləndirilməsidir.
20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı sözün taleyinə, mətbuatın cəmiyyət və dövlət həyatındakı roluna verilən strateji və mənəvi dəyərin rəmzidir. Bu medal medianın təkcə informasiya daşıyıcısı deyil, ictimai düşüncənin formalaşdırıcısı olduğunu təsdiqləyir. Bu ali təltifə layiq görülmək mənim üçün sadəcə fərdi sevinc deyil. Bu, mətbuatla 50 illik yolun, yüzlərlə yazının, saysız-hesabsız gecələrin, vicdanla yazılmış cümlələrin, zamanla sınanmış mövqenin, yazdığım kitabların dövlət tərəfindən qiymətləndirilməsi deməkdir. Təbii ki, bu yol asan olmayıb. Amma bu yol həmişə sözə sədaqət, dövlətə bağlılıq və xalq qarşısında məsuliyyət üzərində qurulub. Bu baxımdan cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Milli mətbuatın yubileyinin dövlət səviyyəsində qeyd olunması, bu yubileyə xüsusi medal təsis edilməsi göstərir ki, Azərbaycan dövləti sözün gücünü, mətbuatın rolunu qiymətləndirir və vicdanlı jurnalistikanı dəstəkləyir. Bu yanaşma təsadüfi deyil. Bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mətbuata hörmət siyasətinin müasir dövrdə uğurla davam etdirilməsidir. Yubiley medalının təqdim edilməsi səlahiyyətinin Medianın İnkişafı Agentliyinə verilməsi də medianın institusional inkişafına, peşəkarlığın təşviqinə və sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət edir. Bu, dövlət–media münasibətlərinin qarşılıqlı etimada əsaslanan yeni mərhələsidir. Mən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova, ADAU-nun rektoru, çox hörmətli Zəfər Qurbanova, Medianın İnkişafı Agentliyinə, Mətbuat Şurasına da minnətdarlığımı bildirirəm. Onu da deyim ki, bu mükafat həm də böyük bir məsuliyyətdir. Çünki sözə verilən dəyər, söz sahibindən daha çox məsuliyyət, daha çox həssaslıq və daha çox vicdan tələb edir. Bu medal keçmişə qiymət olduğu qədər, gələcəyə verilən çağırışdır. Heç şübhəsiz mətbuat həmişə dövlətçilik maraqları, milli mənafelər və ictimai ədalət mövqeyində dayanmalıdır. Bu yolda mənimlə çiyin-çiyinə addımlayan, fikirlərimi bölüşən, düşüncələrimi duyan, sözə dəyər verən hər kəsə minnətdaram. Xüsusilə də fikir mübadiləsi, analitik yanaşma və publisistik düşüncənin zənginləşməsi baxımından yanımda olanların dəstəyinin əhəmiyyətini qeyd etməmək mümkün deyil. Çünki söz tək yazılmır, söz düşüncədən doğur və dialoqda möhkəmlənir.
Bu yubiley medalı mənim üçün bir zirvə yox, yolun davamına verilmiş mənəvi gücdür. Çünki sözün yolu bitmir. Söz yaşadıqca, mətbuat nəfəs aldıqca, bu məsuliyyət də davam edəcək. Sonda bir daha deyirəm ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı dövlətin sözə vrdiyi qiymətidir. Bu qiymət isə hər bir vicdanlı jurnalist üçün ən böyük mükafatdır.