Onun sözlərinə görə, 2025-ci il üzrə TTK-nın əsas fəaliyyət istiqamətləri, tələbə kreditləri, məşğulluq göstəriciləri və ayrılmış vəsaitlər üzrə əhəmiyyətli nəticələr əldə olunub. Hesabat dövründə 50 000-ci tələbə kredit müqaviləsi rəsmiləşdirilib. Yubiley müqaviləsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təhsil alan tələbə ilə bağlanıb. Bəhruz Əzimov qeyd edib ki, bu göstərici regionlarda təhsilə çıxış imkanlarının real şəkildə genişləndiyini göstərir. Sədr əlavə edib ki, TTK çərçivəsində 6 istiqamət üzrə istehsalat təcrübə proqramları təşkil olunub və bu proqramlara 50-dən çox gənc cəlb edilib. Eyni zamanda, Fondun könüllü proqramlarında indiyədək 275 nəfər gənc iştirak edib. İşəgötürənlərlə əməkdaşlığın da genişləndirildiyini bildirən B.Əzimov vurğulayıb ki, 9 təhsil müəssisəsi, 7 dövlət qurumu və 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində 1 527 tələbə müxtəlif təlim proqramlarına cəlb olunub, 1 500 nəfər təcrübəyə yönləndirilib, 350 məzun isə işlə təmin edilib. Təqdim olunan statistikaya əsasən, TTK üzrə indiyədək ayrılmış ümumi vəsaitin həcmi 64,25 milyon manatı ötüb. Kreditlərin əsas hissəsi standart TTK, qalan hissəsi isə sosial TTK üzrə verilib. Kredit alanlar arasında qadınların payının üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.
Bəhruz Əzimov bildirib ki, iqtisadi rayonlar üzrə kreditləşmə göstəriciləri də təhlil olunub və ən yüksək göstəricilər Bakı, Abşeron və Gəncə-Daşkəsən iqtisadi rayonlarının payına düşür. Onun sözlərinə görə, Fond regionlar üzrə balanslı kreditləşmə siyasətini növbəti illərdə də davam etdirəcək.