AZ

ISW: “Kreml güzəştə getməli və ultimatumlardan imtina etməlidir”

ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutu (ISW) yeni hesabatında qeyd edir ki, Moskva Ukraynadakı tammiqyaslı müharibə kontekstində ultimatumlarını yenidən nəzərdən keçirməli olacaq. Kreml uzun müddət israr etdiyi tələblər, həm son 20 maddəlik sülh planı, həm də əvvəlki 28 maddəlik planla uyğun olmayan tələblər üzrə güzəştə getməli olacaq.

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın NATO-dakı səfiri Mett Uitaker son danışıqlar nəticəsində əldə edilən sənədlərə istinadla “top artıq Rusiyanın meydanındadır” deyib. Lakin analitiklər bildirirlər ki, Rusiyanın yüksək hərbi itkiləri və cəbhədəki minimal qazancı Kremli müharibəni dayandırmağa hələ də sövq etmir.

Hesabata görə, Moskva Qərb təkliflərinə maraq göstərmədiyini davamlı olaraq bildirir. 20 maddəlik plan dərc olunmazdan əvvəl belə, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov gözlənilən təklifləri “qeyri-konstruktiv” adlandırmışdı. Kremlin köhnə tələblərə və Alyaska sammitində əldə olunan razılaşmalara davamlı istinadları, cəbhə xəttini dondurmaq təkliflərini rədd etdiyini göstərir.

Dekabrın 19-da Vladimir Putin 2024-cü ilin iyun ayında elan etdiyi maksimalist məqsədlərini bir daha təsdiqləyib. Bunlara Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən çıxarılması, Ukraynanın NATO-dan çıxması və neytral status, Kiyevdə silahsızlaşdırma və hakimiyyət dəyişikliyi, həmçinin işğal edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınması və bütün sanksiyaların ləğvi daxildir.

ISW analitikləri bildirir ki, Moskvanın sərt ritorikasından geri çəkilməsi münaqişənin həlli üçün zəruridir və Kremlin kompromis ideyalarına açıq olması prosesin irəliləməsi üçün əsas şərtdir.

Eyni zamanda, ABŞ-ın sülh təşəbbüsü çərçivəsində Ukraynanın təhlükəsizlik zəmanətləri üçün kompensasiya tələb etdiyi və Tramp administrasiyasının Ukrayna, Rusiya və Çin məsələlərinə yenidən qayıtmalı olduğu məlum olub. Ukrayna Prezidenti qeyd edib ki, bu məsələ hazırda kənara qoyulub, lakin diqqətdə saxlanılır.

Seçilən
23
veteninfo.az

1Mənbələr